Azərbaycanda su ehtiyatlarından səmərəli istifadəyə dair Dövlət Proqramı hazırlanacaq

Azərbaycanda su ehtiyatlarından səmərəli istifadəyə dair Dövlət Proqramı hazırlanacaq
# 26 dekabr 2019 21:41 (UTC +04:00)

Azərbaycanda su ehtiyatlarından səmərəli istifadəyə dair Dövlət Proqramı hazırlanacaq.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, ötən həftə Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi, İqtisadiyyat, Kənd Təsərrüfatı Ekologiya və Təbii Sərvətlər nazirlərinin, Meliorasiya və Su təsərrüfatı, “Azərsu” və “Azərenerji” ASC-lərin sədrlərinin, Fövqəladə Hallar nazirinin müavininin iştirakı ilə ölkədə su ehtiyatlarından səmərəli istifadə edilməsi haqda məsələnin müzakirəsi zamanı gündəmə gəlib.

Azərbaycana su ehtiyatlarından səmərəli istifadə 2004-cü ildən Prezident İlham Əliyevin prioritet saydığı məsələlər sırasındadır. Ona görə də Azərbaycan hökuməti də Prezidentin prioritetlərinə əsasən problemin gəlib Azərbaycana çatmasını və kəskinləşməsini gözləmək fikrində deyil, BMT-nin Hesabatındakı xəbərdarlıqları da nəzərə alaraq, prosesləri qabaqlamağı, məsələni kəskin xarakter almadan həll etməyi planlaşdırır. Çünki suyun istehlakının artmasına səbəb olan qlobal faktorlar Azərbaycana da aiddir. 1999-2018-ci illərdə ölkə iqtisadiyyatı 5.3 dəfə, sənaye 3.4 dəfə, qeyri-neft sənayesi 3.4 dəfə böyüyüb. İqtisadiyyat isə ehtiyatların istifadəsi hesabına artır və bu ehtiyatlardan istifadənin də artmasını qaçılmaz edir. Başqa tərəfdən, kənd təsərrüfatı da inkişaf edir, ölkədə 22 iri fermer təsərrüfatı və aqroparklar yaradılıb. Taxıl və pambıq sahələri genişlənir, üzüm plantasiyaları salınır, balıqçılıq vətəgələri yaradılır. Bütün bunlar suvarma üçün böyük su resursları tələb edir. Su ehtiyatlarının səmərəli istifadəsi zərurətini yaradan Üçüncü bir səbəb isə əhalinin və ölkəyə gələn turistlərin sayının artmasıdır. Əhalinin sayı artıq 10 milyonu keçib. Ölkəyə gələn turistlərin də sayı ildə 1 milyonu ötüb və getdikcə artacağı gözlənilir. Dördüncü səbəb iqlim dəyişikliyi səbəbindən su ehtiyatlarının azalması, beşinci səbəb isə suyun itkisinin böyük və adambaşına su sərfiyyatının Avropa ilə müqayisədə iki dəfə artıq olmasıdır.

Qeyd edilib ki, Nazirlər Kabinetinin bu məsələni müzakirə etməsində məqsəd dünyada gərgin olan bu problemin Azərbaycanda da dərinləşməsinin qarşısını almaqdır. Yəni söhbət artıq mövcud olan problemin həllindən deyil, gözlənilən, dünyada mövcud olan, inkişaf tendensiyasının məntiqindən doğan problemin qabaqlayıcı tədbirlərlə qarşısını almaqdan gedir. “Problemləri qabaqlamaq, onlar zərər verməyə başlamadan həll etmək, problemdən qabaqda getmək” Prezident İlham Əliyevin indiyə qədər bu məsələyə baxışının təməl prinsipləridir. 2004-cü ildə Prezident İlham Əliyev bu vəzifəyə seçildikdən 3 ay sonra Tovuzçay su anbarının tikintisi Dövlət Proqramına salınıb. 2005-ci ildə Şəmkirçayın tikintisi haqda sərəncam imzanıb, 2007-ci ildə Taxtakörpü su anbarının tikintisinə başlanıb. 2013-cü ildə Taxtakörpü su anbarı, Samur-Abşeron su kanalı, 2014-də Şəmkirçay su anbarı, 2016-cı ildə Tovuzçay su anbarı istifadəyə verilib. Vayxir su anbarının tikintisi isə hələ 2005-ci ildə başa çatıb. Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə isə 2005-ci ildə başlandı və 2010-cu ildə başa çatdırılıb. Ancaq, iqtisadi və sosial hədəflərimiz böyük olduğundan ehtiyatlarımızdan da qənaətlə istifadə etməliyik. Söhbət iqtisadi inkişafın, demoqrafik artımın yaratdığı və qlobal iqlim dəyişikliyinin ortaya qoyduğu problemləri qabaqlamaqdan gedir.

Nazirlər Kabinetində məsələnin ilkin müzakirəsi zamanı təxirəsalınmaz tədbirlərin görülməsi və uzunmüddətli və strateji hədəflərin müəyyənləşdirilməsi, uzun vədədə məsələnin həllinə dair tapşırıqlar verilib. Hazırda proses əlaqəli qurumların təklifləri hazırlaması mərhələsindədir. Yəni nazirliklər, “Azərsu”, Meliorasiya və Su təsərrüfatı, “Azərenerji” və b.-a təkliflər hazırlamaq tapşırılıb. Bu sahədə xarici təcrübənin öyrənilməsi nəzərdə tutulur. İlkin təkliflər isə artıq mövcuddur. Məsələn, problemin uzunmüddətli həlli üçün Dövlət Proqramının hazırlanması zəruri sayılıb. Eyni zamanda su balansının tərtibi də gündəlikdədir. Digər tərəfdən, su ehtiyatlarından səmərəli istifadə ilk növbədə bu sahədə idarəçilik və inzibatçılığın təkmilləşdirilməsi nəzərdə tutulur. Buraya müvafiq orqanların fəaliyyətinin koordinasiyasının gücləndirilməsi də daxildir.

Azərbaycanın su ehtiyatlarının 70%-i xarici mənbələrdən formalaşır və buna görə də təminatın alternativ mənbələrinin axtarılması nəzərdə tutulur. Bundan başqa ehtiyatlardan daha səmərəli istifadə etmək, itkilərin qarşısını almaq üçün sudan qənaətlə istifadəyə imkan verən müasir texnologiyaların daha geniş tətbiqinə ehtiyac var. Nazirlər Kabinetində İtkilərin qarşısının alınması üçün həm də beton kanallar şəbəkəsinin genişləndirilməsi də müzakirə olunub. Bundan əlavə, kollektor-drenaj sisteminin bərpası və yenilərinin qurulması məsələsi də gündəlikdədir.

Nazirlər Kabinetindən bildirilib ki, bunlar ilkin təkliflərdir və tezliklə təkliflər tam hazır olduqdan sonra onların ümumiləşdirilməsi mərhələsi başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR