Azərbaycanda su infrastrukturunun yaxşılaşdırılması üzrə milli strategiya və fəaliyyət planının layihələri hazırlanıb

Azərbaycanda su infrastrukturunun yaxşılaşdırılması üzrə milli strategiya və fəaliyyət planının layihələri hazırlanıb
# 07 yanvar 2021 13:33 (UTC +04:00)

Su ehtiyatlarından istifadədə səmərəliliyin artırılması, artan tələbata uyğun dayanıqlı su təchizatının təmin edilməsi, su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi məqsədinə nail olunması üçün milli strategiya və onun həyata keçirilməsi üzrə fəaliyyət planının layihələri artıq hazırlanıb.

APA-Economics” xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın Baş nazirin müavini Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 600 minə yaxın yazlıq və payızlıq əkin sahəsi üzrə bütün maraqlı tərəflərin imzaladığı suvarma qrafikləri tərtib olunub. Baş nazirin müavini qeyd edib ki, ötən ilin kəskin su çatışmazlığı şəraitində 1,4 mln. hektar sahədə kənd təsərrüfatı bitkiləri orta hesabla 3,2 dəfə suvarma suyu ilə təmin edilib. Nəticədə pambıq, şəkər çuğunduru, qarğıdalı, tütün, kartof, tərəvəz, üzüm və sair bitkilərin istehsalı əvvəlki ilə nisbətən müəyyən qədər artıb.

Lakin Ş. Mustafayev əlavə edib ki, son illər davam edən quraqlıqlar və su anbarlarında kifayət qədər su toplanmaması öz mənfi təsirini göstərib, suya tələbatın tam və ya vaxtında ödənilməməsinə, xüsusilə suya tələbkar bitkilər üzrə əkin sahələrinin azalmasına səbəb olub: “Suvarma sahəsində itkilərin azaldılması məqsədilə prioritet hesab edilən suvarma kanallarının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırmalar və layihə sənədlərinin hazırlanması istiqamətində işlər davam etdirilir. İlk növbədə, Qızılarx İmişlidə, Xanarx və Tərtərçay Sol Sahil qeyd etdiyiniz Suqovuşan su anbarından qidalanır. Bu kanalların və Qusarda yerləşən Yuxarı Zeyxur kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması məqsədilə tenderlər artıq baş tutub”.

Baş nazirin müavini vurğulayıb ki, su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üzrə relyefə uyğun su anbarının yaradılması çərçivəsində texniki-iqtisadi əsaslandırmalar və layihə sənədləri hazır olan Yengicə su anbarı üzrə ekspert qiymətləndirməsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür. Eyni zamanda, Əlicançay su anbarı üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması işlərinin cari ilin ikinci yarısında yekunlaşdırılması, beləliklə, su anbarının tikintisi məsələsinə baxılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR