Azərbaycanda tikiləcək bioplastik zavodun texniki-iqtisadi əsaslandırması hazırlanır

Azərbaycanda tikiləcək bioplastik zavodun texniki-iqtisadi əsaslandırması hazırlanır
  • Clock-gray 15:40
  • calendar-gray 17 Fevral 2020

Azərbaycanda bioplastik zavodun tikintisi ilə əlaqədar texniki-iqtisadi əsaslandırma sənədi hazırlanır.

Bunu “APA-Economics”ə “Yeni Kapital” şirkətinin direktoru Kənan Nəcəfov deyib.

Onun sözlərinə görə, görülən işlərə bazar araşdırması, xammal tədarükü, texniki olaraq zavodun həcmi, tikiləcəyi məkan, istehsal gücü və sair məsələlər daxildir.

“Texniki-iqtisadi əsaslandırma sənədi yaxın iki ay ərzində hazır olacaq. Bundan sonra mühəndis işlərinə başlanılacaq ki, onun nəticələri əsasında tikinti işlərinə start veriləcək. Mühəndis işlərinin cari ilin sonunadək tamamlanması gözlənilir. Tikinti işlərinə təxminən 3 il vaxt tələb oluna bilər”, - deyə K. Nəcəfov qeyd edib.

Şirkət direktoru istisna etməyib ki, layihənin icrasına nəzərdə tutulan 150 mln. avro ilkin kapital, texniki-iqtisadi əsaslandırmanın yekun nəticələrinə uyğun olaraq dəyişə bilər.

“Tikiləcək məkana gəldikdə isə çox güman ki, zavod Mingəçevirdə inşa olunacaq. İstehsal olunacaq bioplastik məhsulların xammalı çuğundur və ya qarğıdalı olduğunu nəzərə alaraq, zavodun tarlaya yaxın olması şərtdir. Müəssisənin coğrafi baxımından Mingəçevirdə olması regional inkişafa da öz töhfəsini verəcək”, - deyə K. Nəcəfov qeyd edib.

Qeyd edək ki, zavodunun tikintisinə dair müqavilə ötən ilin dekabr ayında Azərbaycan İnnovasiyalar Agentliyi, “TechnipFMC” və “Yeni Kapital” şirkətləri arasında imzalanıb.

İlkin hesablamalara görə, layihənin icrası sayəsində ölkəyə hər il 100 mln. ABŞ dollarından çox vəsaitin daxil olması gözlənilir. Zavodun illik gəliri ən azı 110 mln. dollar təşkil edəcək. Qoyulan investisiyanın isə 5 il müddətinə qaytarılması nəzərdə tutulub.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date