Azərbaycanın müvafiq radio yayım stansiyaları beynəlxalq qeydiyyata alınıb

Azərbaycanın müvafiq radio yayım stansiyaları beynəlxalq qeydiyyata alınıb
# 12 iyun 2020 09:16 (UTC +04:00)

Azərbaycanın müvafiq radio yayım stansiyalarının Beynəlxalq Telekommunikasiya İttifaqında (BTİ) qeydiyyata alınması Ermənistan tərəfinin etirazlarına baxmayaraq təmin edilib.

Bunu “APA-Economics”ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər. Nazirlikdən bildirilib ki, ölkənin radio yayım stansiyalarının maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə, onların beynəlxalq qeydiyyatı üçün müvafiq tədbirlər görülüb.

BTİ-nin rəhbər şəxsləri, eyni zamanda mütəxəssislərinin iştirakı ilə Cenevrədə 2019-cu ildən başlayaraq müxtəlif vaxtlarda müzakirələr aparılıb. Müzakirələr zamanı Azərbaycanın qeydiyyat üçün BTİ-yə təqdim etdiyi FM radio yayım stansiyalarının Ermənistanın yayım stansiyalarına hər hansı maneə təsirinin olmadığı texniki hesabatlarla BTİ-nin mütəxəssislərinə və qarşı tərəfə sübut olunub.

Nəticədə Ermənistan tərəfindən edilən əsassız etirazlar geri götürülüb və Azərbaycanın qeyd olunan radio yayım stansiyalarının BTİ-də qeydiyyata alınması təmin edilib.

Nazirlikdən bildirilib ki, son illər ərzində Azərbaycanın radio yayım stansiyalarının maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə onların beynəlxalq qeydiyyatı üçün Beynəlxalq Telekommunikasiya İttifaqına ölkə tərəfindən edilən müraciətlər Ermənistan Rabitə Administrasiyası tərəfindən əsassız etiraz edilirdi. Ermənistan Rabitə Administrasiyasının bu əsassız etirazları Azərbaycanın radio yayım stansiyalarının BTİ-də qeydiyyata alınmamasına, bununla da Azərbaycan tərəfinin fəaliyyətinə maneə təsirlərinin yaranmasına səbəb olurdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR