BTQ ilə ilk dəfə ixracyönümlü yüklər nəql edilib

BTQ ilə ilk dəfə ixracyönümlü yüklər nəql edilib
# 12 yanvar 2021 10:01 (UTC +04:00)

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti olan "ADY Express" MMC, 2021-ci ilin ilk günlərindən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitəsi ilə ilk dəfə olaraq ixracyönümlü yüklərin nəqlinə start verib.

"ADY Express"dən "APA-Economics"ə verilən məlumata görə, MMC bu dəfə "Baku Steel Company" şirkətinin istehsal etdiyi metal konstruksiyaları Türkiyəyə nəql etməyə müvəffəq olub. Yüklər Bakıdan Türkiyənin Payas stansiyasına çatdırılıb.

Məlumata görə, metal konstruksiyalar "ADY Expres"in təqdim etdiyi yarımvaqonlara yüklənərək, Axalkalaki stansiyasına çatdırılıb. Burada Türkiyə dəmir yollarına məxsus vaqonlara aşırılan yüklər daha sonra yolunu davam etdirilib. Ümumi olaraq isə 75 vaqonla 5 min ton metal konstruksiyanın nəqli nəzərdə tutulub ki, onlardan ilk 15 vaqon artıq Türkiyəyə çatdırılıb, yüklərin daha bir hissəsi yoldadır. Bakı-Tbilisi-Qars vasitəsi ilə bu cür yüklərin bundan sonra da nəqli nəzərdə tutulur.

Qeyd edək ki, 2020-ci ildə "ADY Express" şirkəti Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə ümumilikdə 49 739 ton yük nəql edib ki, bu yüklərin 97% tranzit, 3% isə idxal yüklərin payına düşüb. Müqayisə üçün, 2019-cu ildə BTQ vasitəsi ilə şirkət 25 722 ton yük nəql etməyə müvəffəq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR