Bakı Musiqi Akademiyasında LOLA audiovizual yayım sistemi istismara veriləcək

Bakı Musiqi Akademiyasında LOLA audiovizual yayım sistemi istismara veriləcək
# 19 dekabr 2019 13:02 (UTC +04:00)

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında LOLA ("LOw LAtency") audiovizual yayım sistemi istismara veriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutundan “APA-Economics”ə verilən məlumata görə, LOLA audiovizual yayım sistemi artıq sınaq rejimində istismar olunub və Estoniyada quraşdırılan digər LOLA sistemi ilə onlayn bağlantı yaradılaraq canlı musiqi ifası həyata keçirilib.

LOLA real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyır və fiziki olaraq bir-birilərindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirir. Bu texnologiya müxtəlif coğrafi ərazilərdə yerləşən tədbirlərdə (konsertlər, master-klasslar, tədris və s.) iştirakı zəruri olan ifaçı və musiqiçilərin böyük zaman itkisinə səbəb olan səyahətlərinin onların həmin tədbirlərə onlayn bağlantı vasitəsilə qoşulması ilə əvəzlənməsinə xidmət edir.

20 dekabr 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Avropa elm və təhsil qurumlarının nümayəndələrinin iştirakı ilə LOLA sisteminin daimi istismara verilməsi məqsədilə rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə LOLA texnologiyası və R&E şəbəkələri ilə bağlanan Bakı və Tallin sənətçilərinin çıxışları yer alacaq.

Qeyd edək ki, LOLA sistemi İtaliyanın elm və tədqiqat şəbəkəsi olan GARR ilə əməkdaşlıq edən Cuzeppe Tartini adına musiqi konservatoriyası tərəfindən yaradılıb. Hazırda bu sistemə dünyanın 30-dan çox ölkəsi və 80-ə yaxın şəhərindən 107 nöqtədə qoşulmaları mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR