Bakı aeroportunun aviasiya təhlükəsizlik standartlarına uyğunluq səviyyəsi yoxlanılıb

Bakı aeroportunun aviasiya təhlükəsizlik standartlarına uyğunluq səviyyəsi yoxlanılıb
  • Clock-gray 14:49
  • calendar-gray 03 Fevral 2020

Heydər Əliyev Beynəlxalq Aeroportunun ABŞ-da sərnişin və yük daşımalarına tətbiq olunan aviasiya təhlükəsizlik standartlarına uyğunluq səviyyəsinin hərtərəfli yoxlanması aparılıb.

Aeroportdan “APA-Economics”ə verilən məlumata görə, audit Azərbaycan və ABŞ arasında dövlətlərarası razılaşma əsasında aparılıb.

Məlumata əsasən, yoxlama çərçivəsində ABŞ Nəqliyyat Təhlükəsizliyi Departamentinin (Transportation Security Administration) auditorları bütün müvafiq TSA tələblərinin, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və ABŞ Dövlət Aviasiya Təhlükəsizliyi Proqramının standartlarının və tövsiyələrinin yerinə yetirilməsi ilə tanış olublar.

TSA auditorları sərnişinlərin qeydiyyata alınması, təyyarələrin uçuş öncəsi sınaqdan keçirilməsi, baqajın yoxlanılması, təyyarədə iaşə təhlükəsizliyi, habelə aviasiya təhlükəsizliyi işçilərinin fəaliyyəti ilə tanış olublar.

“Həmçinin aeroport ərazisinin və perronun təhlükəsizliyi, kinoloji xidmətin hazırlığı, hava limanının elektron sisteminin kiberhücumlardan qorunma səviyyəsinin və s. qiymətləndirilməsi həyata keçirilib”, - məlumatda qeyd edilib.

Yoxlama nəticəsində Nəqliyyat Təhlükəsizliyi Departamenti Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan aviasiya təhlükəsizliyi tədbirlərinin TSA və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə tam cavab verdiyi qənaətinə gəliblər.

Yoxlama qrupunun mütəxəssisləri “Azərbaycan Hava Yolları” QSC (AZAL) yanında Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin personalının və struktur bölmələrinin bütün rəhbər heyətinin yüksək səviyyəli peşəkar hazırlığa malik olduqlarını qeyd ediblər.

Emil İsmayılov

Digər xəbərlər