Bakı və Antverpen limanları arasında memorandum imzalanıb

Bakı və Antverpen limanları arasında memorandum imzalanıb
# 15 yanvar 2021 15:38 (UTC +04:00)

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Avropanın ikinci ən böyük limanı olan Antverpen Limanının “APEC Liman Təlim Mərkəzi” ilə Anlaşma Memorandumu imzalayıb.

Bakı Limanından "APA-Economics"ə verilən məlumata görə, Bakı Limanının Baş direktoru Taleh Ziyadov və Antverpen Beynəlxalq Limanının direktoru Mario Livens tərəfindən imzalanan sənəddə iki qurumun təlim mərkəzləri ilə peşəkar kadrların hazırlanması üzrə əməkdaşlıq edəcəyi nəzərdə tutulub.

Xatırladaq ki, bu gün imzalanan Anlaşma Memorandumu 15 iyul 2015-ci ildə təşkilatlar arasında imzalanmış ilk Anlaşma Memorandumun davamı kimi reallaşıb. Antverpendə “APEC Liman Təlim Mərkəzi”nin keçirdiyi təlimlərdə ətraf mühit və əməyin təhlükəsizliyi, ticarət və əməliyyat proseslərinin təkmilləşdirilməsi, innovasiya və rəqəmsallaşdırma kimi mövzular diqqət mərkəzində olacaq. Bakı Limanının Baş direktoru qeyd edib ki, Avropanın aparıcı limanı ilə peşəkar heyətin hazırlanması üzrə əməkdaşlığa başlamaq bu sahədə ciddi irəliləyişə təkan verəcək: “Liman sahəsində insan kapitalının inkişaf etdirilməsi daim Bakı Limanının diqqətində olub. Təsadüfi deyil ki, adı çəkilən təlim mərkəzi ilə hələ 5 il əvvəl Anlaşma Memorandumu imzalanıb və bu gün növbəti 5 il müddətinə imzalanan sənəd onlarla liman əməkdaşının Avropanın aparıcı təlim mərkəzində qısa və uzunmüddətli təlimlərdə 21-ci əsrin tələblərində cavab verən bilik əldə etməsini təmin edəcək”.

Antverpen Beynəlxalq Limanının direktoru Mario Livens vurğulayıb ki, “Xəzər dənizinin aparıcı limanı ilə əməkdaşlığa başlamağımız bizə böyük imkanlar yaradır. Azərbaycan və Bakı Limanı böyük tranzit yollarının qovşağı olaraq, Avropa ilə Asiya arasında ticarətdə mühüm rol oynayır və yaxın illərdə Azərbaycanın regional əhəmiyyəti artmaqda davam edəcəkdir. Antverpen Beynəlxalq Limanı və “APEC Liman Təlim Mərkəzi” olaraq Avrasiya regionunda Bakı Limanı ilə əməkdaşlığa başlamağımız regionun potensialına olan inancımızdan irəli gəlir.” “APEC Liman Təlim Mərkəzi” 1977-ci ildən etibarən fəaliyyət göstərən və dünya üzrə liman əməkdaşlarının təlimində ixtisaslaşmış bir mərkəzdir. Yarandığı gündən etibarən dünyanın bir çox ölkələrindən 15.000-dən çox şəxs APEC tərəfindən təşkil olunan peşəkar təlimlərdə bilik və bacarıq əldə edib. 2019-cu ildə Anvterp Limanı 240 milyon ton yük aşıraraq, Rotterdam Limanından sonra Avropanın ikinci ən çox yük aşıran limanı adını qazanıb.

Qeyd edək ki, Bakı Limanı 2019-cu ildə ISO9001 Keyfiyyətin idarə edilməsi və ISO14001 Ətraf mühitin idarə edilməsi, 2017-ci ildə isə OHSAS 18001:2007 Sağlamlıq və təhlükəsizliyin idarə edilməsi üzrə sertifikatı əldə edib. 2019-cu ilin oktyabr ayında Avropa Dəniz Limanları Təşkilatı (“European Sea Ports Organization” - ESPO) tərəfindən ilk dəfə Xəzər bölgəsində Bakı Limanı “Yaşıl Liman” statusuna layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR