Bakıda "StartupFest 2019" festivalı açılıb

Bakıda "StartupFest 2019" festivalı açılıb
  • Clock-gray 10:08
  • calendar-gray 25 Noyabr 2019

Bakıda startapları əhatə edən "StartupFest 2019" adlı beynəlxalq festivalın rəsmi açılış mərasimi keçirilib. 

"APA-Economics"in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "StartupFest 2019" festivalı çərçivəsində Bakı və Gəncə şəhərində nəzərdə tutulan tədbirlər, panel sessiyaları barədə məlumat verib. Həmçinin texnologiyaların sürətli inkişafı sahəsində trendlərin insan həyatına, dövlət xidmətlərinin göstərilməsinə təsiri, ölkədə rəqəmsal transformasiya, dövlət tərəfindən atılmış addımlar və gələcəyə baxış diqqətə çatdırılıb.

Açılış mərasimindən sonra tədbir “Dövlət sektorunda Rəqəmsal Transformasiya: İmkanlar və Çağırışlar”, “Biznes sektorunda Rəqəmsal Transformasiya: İmkanlar və Çağırışlar”, “Gələcək üçün bacarıqlar” və “İnnovasiya ekosistemi: Növbəti addımlar nədir?” mövzuları üzrə panel sessiyalarla  davam edəcək.

Sessiyalarda dövlət orqanları, özəl təşkilat və müəssisələrin nümayəndələri, o cümlədən beynəlxalq ekspertlər müvafiq mövzularda çıxışlar edəcəklər. 

"StartupFest 2019" Azərbaycanda ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılır.

21-26 noyabr tarixlərini əhatə edən "StartupFest 2019"a "Product Hunt Meetup", "Startup Grind Ganja", "Fun Baku", "DevOpsDays Baku", "Techstars Startup Weekend Baku Fintech", "World E-Commerce Eurasia 2019 Baku Forum" tədbirləri daxildir.

Festivalın əsas məqsədi təcrübə mübadiləsinə imkan yaratmaqla regionda və  Azərbaycanda startap ekosisteminin oyunçularını bir araya gətirmək, ekosistemin inkişafı və mövcud problemlərin həlli istiqamətində fikir mübadiləsi aparmaq, Azərbaycanı bu istiqamətdə regional mərkəzə çevirməkdir.

Tədbirin əsas özəlliklərindən biri də startapları əhatə etməsi, özündə startaplarla bağlı problemləri və onların həll yollarını ehtiva edən 6 beynəlxalq lisenziyalı tədbiri birləşdirməsidir.

Hüseyn Vəliyev

Digər xəbərlər