Baş katib: "Əfqanıstanın TRACECA-ya qoşulmasına dair danışıqların bərpası vacibdir"

Baş katib: "Əfqanıstanın TRACECA-ya qoşulmasına dair danışıqların bərpası vacibdir"
  • Clock-gray 11:00
  • calendar-gray 07 Aprel 2020

Əfqanıstanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Əsas Çoxtərəfli Sazişinə qoşulması üzrə danışıqların bərpası vacibdir.

TRACECA katibliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu TRACECA-nın Baş katibi Asef Asavbayev İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Əfqanıstanda tranzit yollarının inkişafı təkcə ölkənin özü üçün deyil, həm də qonşu region ölkələri üçün, nəqliyyat əlaqələrinin yaxşılaşdırılması üçün vacib bir istiqamətdir.

Görüş zamanı C. Cahangirzadə TRACECA-nın Baş katibinin İrana rəsmi səfərinin hazırlanması zamanı (koronavirus infeksiyasının yayılmasının azalmasından sonra) bu məsələnin müzakirə oluna biləcəyi barədə fikirləri ilə də bölüşüb.

Avropa İttifaqının TRACECA – "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" proqramı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin ticarət və nəqliyyat nazirlərinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans iştirakçıları tərəfindən TRACECA texniki yardım proqramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edilib.

TRACECA Proqramı Cənubi Qafqaz və Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa və Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması və bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə və inkişafına yönəldilmiş Avropa İttifaqı  proqramlarının reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır.

Bununla yanaşı, 7-8 sentyabr 1998-ci il tarixlərində Bakı şəhərində 9 ölkənin dövlət başçısı - Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Türkiyə, Özbəkistan, Ukrayna, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi Tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında "Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş" imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib.

Emil İsmayılov

Digər xəbərlər