"Boeing" korporasiyası "737 MAX" təyyarələrinə görə 2,5 mlrd. dollar təzminat ödəyəcək

"Boeing" korporasiyası "737 MAX" təyyarələrinə görə 2,5 mlrd. dollar təzminat ödəyəcək
# 08 yanvar 2021 10:29 (UTC +04:00)

ABŞ-ın "Boeing" korporasiyası problemli "737 MAX" təyyarələrinə görə 2,5 mlrd. dollar təzminat ödəməyə razılıq verib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, "Boeing" korporasiyası Ədliyyə Nazirliyinə 244 mln. dollar cərimə ödəyəcək. Həmçinin şirkət tərəfindən müştəri təzminatına görə 1,77 mlrd. dollar, 500 mln. dollar isə təyyarə qəzaları qurbanları fonduna kompensasiya qismində ödəniləcək.

Xatırladaq ki, "Boeing 737 MAX" tipli təyyarələrin uçuşları ardıcıl iki dəfə (2018-ci ilin oktyabrın 29-da İndoneziyada ("Lion Air") və 2019-cu ilin martın 10-da Efiopiyada ("Ethiopian Airlines")) baş verən aviaqəzalardan sonra bütün dünya üzrə dayandırılıb. Qəzalar 346 nəfər insanın ölümünə səbəb olub. Hər iki qəza təyyarənin burnunun əyilmə bucağına cavab verən MCAS sisteminin nasazlığı olub.

Qeyd edək ki, 2020-ci ilin payızında, “Boeing 737 MAX” modeli tamamlanma işlərindən sonra təhlükəsiz və uçuşlara yararlı olduğu tanındı. Şirkət bu təyyarələrin istismarına dair icazə əldə etdi. Dekabrın sonunda isə dünyada “737 MAX” təyyarələri ilə uçuşlar bərpa edildi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR