Britaniyada avtomobil istehsalı 1984-cü ildən bəri rekord həddə azalıb

Britaniyada avtomobil istehsalı 1984-cü ildən bəri rekord həddə azalıb
# 29 yanvar 2021 09:45 (UTC +04:00)

Ötən il Böyük Britaniyada cəmi 920 928 avtomobil istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 29,3% azdır. Bu, 1984-cü ildən bəri rekord aşağı göstəricidir.

"APA-Economics"in "Kommersant"a istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın İstehsalçılar və Dilerlər Cəmiyyətinin (SMMT) açıqlamasında deyilir.

Bildirilir ki, pandemiya və sərhədlərin bağlanması fonunda ciddi məhdudlaşdırıcı tədbirlərin tətbiqi səbəbindən 2020-ci il ərzində istehsal ciddi zərərlə üzləşib. Əsas ixrac bazarlarında avtomobillərə olan zəif tələbat və "Brexit"lə bağlı qeyri-müəyyənlik problemləri bir qədər də artırdı. Avtomobil ixracı illik müqayisədə 29,1% azalıb, lakin Britaniyada istehsal olunan nəqliyyat vasitələrinin 81,3%-i (2019-cu ildə 81%) ixracın payına düşüb.

Avropa İttifaqı 53,5% payla Britaniya avtomobillərinin ən böyük idxalçısı olaraq qalır, avtomobillərin 17,7%-i ABŞ-a, 7,6%-i Çinə, 1,1%-i isə Rusiyaya ixrac olunur.

Buna baxmayaraq, Böyük Britaniyada hibrid və elektrikli nəqliyyat vasitələrinin istehsalı ötən il artıb və 2020-ci ildə ölkədə istehsal olunan bütün avtomobillərin 18,8%-ni təşkil edib. Halbuki bir il əvvəl onların payı 14,8% idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR