"Citi Private Bank": Baydenin prezidentlik dövründə dolların ucuzlaşması davam edəcək

"Citi Private Bank": Baydenin prezidentlik dövründə dolların ucuzlaşması davam edəcək
# 11 noyabr 2020 13:35 (UTC +04:00)

Co Baydenin ABŞ Prezidenti vəzifəsinin icrasına başlamasından sonra dolların dünya valyutası kimi ucuzlaşma tendensiyası davam edəcək.

"APA-Economics" CNBC-yə istinadən xəbər verir ki, bu qənaətə "Citi Private Bank"ın analitikləri gəlib.

Baydenin qələbəsindən və vəzifəsinin icrasına başlamasından sonra ABŞ valyutasının bir qədər də ucuzlaşacağını bankın baş investisiya direktoru Devid Beilin və baş iqtisadçı Stiven Uitinq proqnozlaşdırır. Onların fikrincə, Demokrat Partiyasının nümayəndəsinin seçilməsi ölkəyə geosiyasi risklərin azaldılmasını vəd edir. Xüsusilə Ağ Evin hazırkı başçısı Donald Trampın prezidentlikdən getməsi ticarət müharibələri (Çin də daxil olmaqla) və tarif artımı təhlükəsini azaldacaq: "Rəsmi Vaşinqton yenə də ittifaqlar qurmağı hədəfə alacaq: idarəetmə daha ənənəvi və proqnozlaşdırıla bilən hala gələcək".

ABŞ-ın bu siyasəti dünya maliyyə bazarlarına, xüsusən də inkişaf edən bazarlara faydalı təsir göstərəcək.

Xatırladaq ki, hazırda ABŞ dollarının indeksi 6 əsas valyutanın daxil olduğu səbətə nisbətdə 92,83-ə bərabərdir. ABŞ dollarının məzənnəsini səbətdəki altı əsas valyutaya qarşı ayrılıqda nəzərdən keçirsək, hazırda dollar 0,85 avroya, 105,43 yenə, 0,75 funt sterlinqə, 1,3033 Kanada dollarına, 0,9167 İsveçrə frankına və 1,37 Avstraliya dollarına ticarət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR