DGK xaricdən sifariş edilən poçt bağlamalarının uzun müddət gecikdirilməsinə aydınlıq gətirib

DGK xaricdən sifariş edilən poçt bağlamalarının uzun müddət gecikdirilməsinə aydınlıq gətirib
  • Clock-gray 13:44
  • calendar-gray 22 Yanvar 2021

Vətəndaşların xaricdən sifariş etdikləri poçt bağlamalarının uzun müddət gecikdirilməsi, daşıyıcı şirkətlərin öz işini düzgün qurmaması səbəbindən baş verir.

Dövlət Gömrük Komitəsindən (DGK) “APA-Economics”ə verilən məlumata görə, daşıyıcı şirkətlər tərəfindən ölkə ərazisinə gətirilən mal partiyasına gömrük nəzarəti tədbirləri, mallar gömrük orqanına təqdim edildiyi andan maksimum 2-3 gün ərzində həyata keçirilir.

“Bəzən daşıyıcı şirkətlər qanunvericilikdə müəyyən edilən dəyər həddini aşan bağlamaların barəsində gömrük nəzarəti başa çatan yük partiyalarından ayırıb gömrüyə təqdim edilməsi prosesinə günlərlə vaxt sərf edir. Nəticədə  praktiki iş prosesini düzgün qurmayan həmin şirkətlər vətəndaşlara məxsus bağlamaları gecikdirir”, - Komitədən bildirilib.

Həmçinin bir sıra hallarda daşıyıcı şirkətlər biznes prosesdə ləngiməklə yanaşı, kütləvi endirimlər dövründə yük həcmini qəbul etməkdə çətinlik çəkir və malları gömrükdən çıxarsalar da öz anbarlarında anbarlaşdıra bilmir. Bəzən isə terminalla və ya daşıyıcı aviaşirkətlərlə yaranan problemlərlə əlaqədar mal partiyasını anbardan çıxara bilməyən şirkətlər malın hərəkət statusunu “gömrükdə” olaraq göstərir. Aparılan araşdırmalar göstərir ki, əksər hallarda bu daşıyıcı şirkətlərin böyük həcmdə yükləri idarə edə bilmədiklərindən də baş verir.

Bəzi poçt bağlamalarının əsassız olaraq saxlanılması ilə bağlı məsələyə gəldikdə isə Komitədən qeyd edilib ki, fiziki şəxslər tərəfindən təyinatı istehsal yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan poçt göndərişləri yalnız qanunvericilikdə müəyyən edilən gömrük dəyəri həddini aşdıqda, aidiyyəti dövlət orqanlarının rəy və icazələri tələb olunduqda və ya qanunvericilikdə nəzərdə tutulan digər hallarda saxlanıla bilər.

“Bəzi hallarda vətəndaşlar təqvim ayı üzrə sifarişlərini yalnız məhsulların öz dəyərini hesablamaqla planlaşdırır və daşıma xərcini əlavə etmədiklərindən qanunvericilikdə müəyyən edilən gömrük dəyəri həddini aşır ki, bu bağlamaların saxlanılması ilə nəticələnir”, - deyə Komitədən bildirilib. 

Gömrük dəyəri, Gömrük tarifi haqqında qanunun 2-ci fəslinə uyğun olaraq müəyyən edilir və gömrük dəyərinin müəyyən edilməsi zamanı məhsulun dəyəri ilə yanaşı, daşınma xərci də nəzərə alınır.

Hüseyn Vəliyev

Digər xəbərlər