Elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub

Elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub
# 05 mart 2020 12:17 (UTC +04:00)

Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi “Daşınmaz əmlak məlumatlarım” xidmətinin də “myGov” portalına interqasiyası həyata keçirilib.

APA-nın məlumatına görə, vətəndaş öz adına olan daşınmaz əmlak haqqında məlumata baxmaq üçün www.my.gov.az portalında daxil olaraq şəxsi kabinetində “Qurumlar üzrə” bölməsinə daxil olur. Açılan pəncərədə qurumlar arasından Əmlak Məsələləri Dövlət Xidmətini seçir və növbəti pəncərədə “Daşınmaz əmlak məlumatlarım” bölməsinə keçid edir. Burada mülkiyyətçi öz şəxsi əmlakına dair məlumatları - daşınmaz əmlakın qeydiyyat və reyestr nömrəsi, torpaq sahəsi, əmlakın ümumi sahəsi, daşınmaz əmlakın növü, torpaq sahəsinin kateqoriyası, daşınmaz əmlakın ünvanı və s. görə bilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilir. Portala inteqrasiya olunmuş sistemlərlə birgə, vətəndaşlara şəxsi kabinetləri üzərindən 690 elektron xidmətə çıxış təmin olunmuşdur. Bundan başqa, “myGov”-da vətəndaşlara ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR