Gələn həftə "Bakutel-2019" sərgisi keçiriləcək

Gələn həftə "Bakutel-2019" sərgisi keçiriləcək
  • Clock-gray 12:45
  • calendar-gray 29 Noyabr 2019

Dekabrın 3-6-da Bakı Ekspo Mərkəzində “Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sərgidə 23 ölkədən 240-a yaxın şirkət iştirak edəcək. ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Rusiya, Sloveniya, Türkiyə, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunacaq.

Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30%-ni təşkil edir. Sərgisinin işgüzar proqramına kommunikasiya, dialoq və effektiv həll variantlarının axtarışı üçün müasir platformalar: “İnnovasiyalar zonası” və “Təqdimatlar zonası” daxildir. Bu dinamik zonalarda müxtəlif maraqlı tədbirlər keçiriləcək.

Tədbir çərçivəsində “Forbes” jurnalının redaksiya direktoru Nikolay Uskovla qapalı görüş keçiriləcək. Sərgi çərçivəsində 4-5 dekabr tarixlərində “Bakutel Tech Talks” Beynəlxalq Müzakirə Platforması təşkil ediləcək.

“Bakutel-2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumunun təqdimatında  müxtəlif yenilikləri özündə əks etdirən stendlərdə xidmətlər və layihələr nümayiş olunacaq.

Həmçinin sərgi günlərində işgüzar görüşlərin keçiriləcəyi və memorandumun imzalanacağı planlaşdırılır.

Sərgi çərçivəsində təşkil olunacaq önəmli tədbirlərdən biri də 2-ci Xəzər İnnovasiya Konfransıdır. 4 dekabr tarixində keçiriləcək konfrans  “Əşyalar interneti: müasir cəmiyyətin təməli” mövzusuna həsr edilib.

 

Azərbaycanda ilk dəfə Avropa regionu Sürətli Poçt Rabitəsi Xidmətləri rəhbərlərinin beynəlxalq simpoziumu da məhz “Bakutel-2019” çərçivəsində keçiriləcək.

Açılışını Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Haoulin Zao edəcək tədbirdə Azərbaycan, Belarus, Xorvatiya, İran, Rusiya və Türkiyənin sahəvi nazirlərinin və digər yüksək rütbəli şəxslərin çıxışları planlaşdırılır. Konfransda “Əşyalar interneti” üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi-tənzimləmə məsələləri müzakirə olunacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date