Gəncədə Finlandiya istehsallı kombaynlar yığılacaq

Gəncədə Finlandiya istehsallı kombaynlar yığılacaq
  • Clock-gray 14:32
  • calendar-gray 13 Yanvar 2020

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi Finlandiyanın məşhur "Sampo" şirkəti ilə əməkdaşlığa dair müqavilə imzalayıb.

Bunu İB-nin Müşahidə Şurasının sədri Xanlar Fətiyev APA-nın yerli bürosuna deyib.

Onun sözlərinə görə, müqavilənin şərtlərinə uyğun olaraq Gəncədə "Sampo-Roselew" markalı kombaynların yığımı həyata keçiriləcək.

Xanlar Fətiyev əlavə edib ki, bu ilin mart ayının əvvəllərində kombaynların yığım xəttinin istifadəyə verilməsi planlaşdırılır: "Bildiyiniz kimi, Finlandiyanın məşhur "Sampo" şirkətinin müxtəlif model kombaynları artıq Azərbaycan fermerlərinə tanışdır. 10 ilə yaxın müddətdir ki, taxıl biçinində "Sampo" markalı kombaynlar yüksək texniki göstəriciləri ilə fermerlərin istifadəsindədir və yerli istifadəçilər tərəfindən rəğbətlə qarşılanır. "Gəncə Avtomobil Zavodu" İB "Sampo" kombaynlarının yığılması ilə bərabər, onun həm Azərbaycan bazarında satış və satış sonrası xidmətlərini həyata keçirəcək, həm də yaxın ölkələrə ixracını da reallaşdırmağı planlaşdırır”.

Müşahidə Şurasının sədrinin sözlərinə görə, ixracla bağlı həm birliyin marketinq şöbəsinə, həm də müəssisənin xarici ölkələrdəki nümayəndəliklərinə xüsusi tapşırıqlar verilib.

"Biz "Sampo" şirkəti ilə sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik. Bu şirkət kənd təsərrüfatı texnikalarının istehsalı üzrə bir dünya markasıdır və keyfiyyətli məhsulları ilə seçilir. Azərbaycanda keçirilmiş 9-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində də bu şirkət öz məhsullarını nümayiş etdirib və onların məhsulları böyük marağa səbəb olmuşdu. Biz "Sampo" kombaynlarının satışı üçün Türkiyə bazarını yaxından araşdırırıq. Ümidvaram ki, yaxın vaxtlarda bu istiqamətdə böyük bir uğura imza atacağıq", - deyə X. Fətiyev bildirib.

Fuad Nazimoğlu

Digər xəbərlər

Arxiv

date