Heydər Əliyev Beynəlxalq Aeroportunda bu il sərnişin axını təxminən 5 mln. nəfər təşkil edəcək

Heydər Əliyev Beynəlxalq Aeroportunda bu il sərnişin axını təxminən 5 mln. nəfər təşkil edəcək
  • Clock-gray 14:59
  • calendar-gray 10 Dekabr 2019

Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və yeni istiqamətlərin açılması üzrə genişmiqyaslı işlər aparır.

Aeroportdan “APA-Economics”ə verilən məlumata görə, hava limanının rəhbərliyi dünyanın müxtəlif şəhərlərindən Bakıya müntəzəm uçuşlar həyata keçirə biləcək beynəlxalq sərnişin hava yolları ilə fəal danışıqlar aparır.

"Bu fəaliyyət çərçivəsində 2019-cu il ərzində hava limanına beş yeni aviaşirkət – “Kuwait Airways”, “UrAirlines”, “Smartavia”, “Flynas”, “Pegasus” uçuşlar həyata keçirməyə başlamışdırlar. Ümumilikdə isə, keçən ildən bu yana yeni aviaşirkətlərin sayı 11-ə çatmışdır. Onların arasında “Etihad Airways”, “IranAir”,  “GulfAir”, “Arkia”, “Nordwind” və s. kimi aviaşirkətlər var", - deyə hava limanının rəhbəri Teymur Həsənov bildirib.

Məlumata əsasən, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu 60 beynəlxalq istiqamət üzrə uçuşlar yerinə yetirən 34 aviaşirkətə xidmət göstərir. 34 aviaşirkətin doqquzu - “Buta Airways” (21 istiqamət), “WizzAir” (Budapeşt), “AirBaltic” (Riga), “Pegasus Airlines” (İzmir), “Flynas” (Ər-Riyad), “FlyDubai” (Dubay), “AirArabia” (Sharjah), “Jazeera Airways” (Küveyt), “Smartavia” (Sankt-Peterburq) daxil olmaq ilə aşağıbüdcəli aviaşirkətdir.

T. Həsənovun sözlərinə görə, yeni uçuşların açılması və sərnişin aviaşirkətlərinin cəlb edilməsi Bakının hava limanından uçuşların coğrafiyasını genişləndirəcək və sərnişinlərə uzaq məsafəli və rahat uçuşlar üçün daha çox imkanlar yaradacaq.

Son beş il ərzində Bakının hava limanında sərnişin axınının artımı 62% təşkil edib və proqnozlara əsasən, 2019-cu ildə sərnişin axını təxminən 5 mln. nəfər təşkil edəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportu milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” və Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti “Buta Airways”in baza hava limanıdır. AZAL və "Buta Airways"in təyyarələri Avropa, Asiya və Amerikanın 40-dan çox şəhərinə eniş edir.

Emil İsmayılov

Digər xəbərlər