Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) 2021-ci ili Aviasiya Təhlükəsizliyi Mədəniyyəti ili elan edib.
"APA-Economics"in məlumatına görə, bu barədə təşkilatın açıqlamasında deyilir.
"ICAO Assambleyasının 40-cı sessiyasında qəbul edilən və təşkilata aviasiya təhlükəsizliyi barədə məlumatlılığı artırmaq və aviasiya təhlükəsizliyi mədəniyyətini möhkəmləndirmək məqsədilə bu işi prioritet hala gətirmək üçün alətlər hazırlamaq tapşırığı verilmiş 40-11 saylı Qətnaməyə istinad etmək mənim üçün şərəfdir", - deyə ICAO-nun Baş katibi Fan Liu bildirib.
O həmçinin əlavə edib ki, COVID-19 pandemiyasının 2020-ci ildə aviasiya sahəsinə vurduğu ciddi zərəri nəzərə alaraq, ICAO Şurası 2021-ci ildə Aviasiya Təhlükəsizliyi Mədəniyyəti ilinin keçirilməsinə dair qərar verib: "Bundan əlavə, 2021-ci ildə 11 sentyabr hadisələrinin 20-ci ildönümü qeyd ediləcək. Bu, aviasiya üçün sözügedən təhlükənin ciddiliyini anlamağı və bütün aviasiya fəaliyyətlərində ən yaxşı təhlükəsizlik təcrübələrini təşviq etməyi vacib edir".