İnformatika fənni üzrə 12-ci beynəlxalq payız turniri keçirilib - FOTO

İnformatika fənni üzrə 12-ci beynəlxalq payız turniri keçirilib - FOTO
  • Clock-gray 16:46
  • calendar-gray 01 Dekabr 2020

Bolqarıstanın Şumen vilayətində informatika fənni üzrə 12-ci beynəlxalq payız turniri baş tutub.

“Azercell Telekom” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, onlayn formatda keçirilən yarışmada 17 ölkədən 403 iştirakçı öz biliyini sınayıb. Qeyd edək ki, artıq ikinci dəfədir ki, sözügedən yarışmada iştirak edən məktəblilərimiz uğurlu nəticə əldə edirlər. Belə ki, “Azercell”in dəstəyi ilə turnirə hazırlaşan Gəncə şəhəri M. Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb.

Xatırladaq ki, Əziz Hüseynov iki ay öncə Sinqapurda keçirilən 32-ci Beynəlxalq İnformatika Olimpiadasında, həm də İndoneziyada təşkil olunan Asiya Pasifik İnformatika Olimpiadasında da bürünc medal əldə edib.

“Azercell Telekom” 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin fəaliyyətinə dəstək verir. İndiyədək mərkəzdə keçirilən məşğələlərə Azərbaycanın müxtəlif bölgələrindən və paytaxt məktəblərindən 300-dən çox şagird cəlb edilib. Məqsəd - istedadlı şagirdlərin aşkar edilməsi, Azərbaycan məktəblilərinin iştirak etdikləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlərin artırılmasıdır. Burada yerli və xarici ali məktəblərin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının tanınmış alimləri və qabaqcıl müəllimləri 5 fənn üzrə hazırlıq keçirlər. Mərkəzdə məşğələ keçən Azərbaycan məktəbliləri hər il 15-ə yaxın müxtəlif beynəlxalq olimpiada və müsabiqədə iştirak edirlər.

“Azercell” şirkəti daima ölkəmizdə informasiya-texnologiyaları sahəsində təhsil, yüksəkixtisaslı kadrların yetişdirilməsi məqsədilə təşkil edilən layihələrə dəstək olur.

Şirkət ötən il Bakı şəhərində keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasında istedadların Rəqəmsal Sponsoru qismində çıxış edib. Ölkənin lider mobil operatoru “Azercell” informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onların öz elmi potensiallarını inkişaf etdirməsi üçün dəstəklənməsi istiqamətində fəaliyyətini gələcəkdə də davam etdirəcək.

Hüseyn Vəliyev

Digər xəbərlər