Mexaniki su sayğaclarında sərfiyyatın müəyyən olunması üçün xüsusi proqram təminatı hazırlanıb

Mexaniki su sayğaclarında sərfiyyatın müəyyən olunması üçün xüsusi proqram təminatı hazırlanıb
# 05 fevral 2021 16:26 (UTC +04:00)

Mexaniki su sayğaclarında sərfiyyatın müəyyən olunması üçün xüsusi proqram təminatı hazırlanıb.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, həmin proqram vasitəsilə sayğacların əvvəlki və son oxunmanın göstəriciləri əsasında orta günlük su sərfiyyatı hesablanır.

Buna müvafiq olaraq əvvəlki və yeni tariflərin qüvvədə olduğu günlərin sayına uyğun hesablamalar aparılır. Bütün hesablamalar xüsusi proqram təminatı ilə, heç bir insan amili olmadan həyata keçirilir.

Bununla belə bəzi hallarda vətəndaşlar tərəfindən sayğacların yerində oxunması və dəqiq göstəricilərin əldə edilməsi ilə bağlı müraciətlər daxil olur. Xüsusilə mənzillərin daxilində və həyət evlərində quraşdırılmış mexaniki sayğacların oxunmasında müəyyən çətinliklər yaranır. Abonentlərdən mənzillərdə və həyət evlərində quraşdırılmış mexaniki sayğacların oxunmasını təmin etmək üçün şərait yaratmaları xahiş olunur.

Abonentlər sayğacın faktiki göstəricilərini özləri də təqdim edə bilərlər. Bunun üçün “Azərsu” ASC tərəfindən alternativ imkanlar da yaradılıb. Belə ki, abonentlər Elektron Su Portalı (e-su.az), azersu.az saytının elektron xidmətlər bölməsindən "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması" xidmətini seçməklə, həmçinin “Facebook” və “Telegram” sosial şəbəkələrindən istifadə etməklə sayğac göstəricilərini təqdim edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR