"Microsoft": Süni intellektə Azərbaycan dili öyrədiləcək

"Microsoft": Süni intellektə Azərbaycan dili öyrədiləcək
# 17 fevral 2021 16:30 (UTC +04:00)

"Süni intellektə Azərbaycan dili öyrətmək üçün bizə ingilis dilində paralel tərcüməsi olan təqribən 5 milyon cümlə lazımdır".

Bunu "APA-Economics"ə "Microsoft Azerbaijan” şirkətinin baş meneceri Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, bu cümlələr Azərbaycan dilinin korpusunun süni intellekt tərəfindən dərk edilməsi üçün Maşın Öyrətməsi Alqoritmi (AI Machine Learning Algorithm) ilə emal ediləcək.

"İnternetdə açıq mənbələrdə tələb olunan həcmdə və hətta artıq məlumat var. Sadəcə onları toplamaq həm vaxt alacaq, həm də keyfiyyətinə heç kəs zəmanət verə bilməyəcək. Süni intellektə də keyfiyyətli mətnlər əsasında Azərbaycan dilini öyrətsək, sonra süni intellekt də bizə keyfiyyətlə xidmət edəcək. Zəruri həcmdə cümlələr "Microsoft"a təqdim edildiyi andan 2-3 ay ərzində süni intellektə Azərbaycan dilini öyrətmək mümkün ola bilər. İlk vaxtlar Azərbaycan dilinin tanınmasının səlislik dərəcəsi (accuracy rate) təqribən 80% olacağı, zamanla istifadə edildikcə bunun təkmilləşəcəyi gözlənilir", - deyə Q. Mirzəyev qeyd edib.

Ekspertin fikrincə, süni intellekt tərəfindən Azərbaycan dilinin dərk edilməsi məsələsi həll olunan kimi, dil məhdudiyyəti aradan qalxır, müxtəlif sistemlərdə toplanıb istifadəsiz qalan məlumatların emalı avtomatlaşa, onların intellektual təhlili həyata keçirilə bilər.

"Bildiyiniz kimi, ötən il ölkə başçısı ilə "Microsoft" rəhbərliyi arasında video-konfrans keçirilib. Həmin video-konfransda Azərbaycan dilinin süni intellekt tərəfindən tanınmasının Azərbaycanda süni intellekt strategiyasının ilk addımı olacağı bildirilib", - Q. Mirzəyev əlavə edib.

Qeyd edək ki, Azərbaycanda süni intellektlə bağlı strategiya hazırlanacaq. Bu strategiyasının olması hər bir ölkə üçün vacibdir və "Microsoft" belə bir strategiyanın Azərbaycan üçün yaradılmasında öz qlobal təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR