NRYTN-in Daxili nəzarət və audit şöbəsinə müdir təyin olunub

NRYTN-in Daxili nəzarət və audit şöbəsinə müdir təyin olunub
# 16 mart 2021 12:01 (UTC +04:00)

Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Daxili nəzarət və audit şöbəsinə Ramil Məhərrəmov müdir təyin edilib.

Bu barədə “APA-Economics”ə nazirlikdən bildirilib.

R. Məhərrəmov 1999-cu ildə Qafqaz Universitetinin İnzibati İdarəetmə fakültəsini bitirib. O, 2004-2006-cı illərdə Massaçusets Universitetində (Amherst) İqtisadi siyasət və idarəetmə üzrə magistr təhsili alıb. 2015-2016-cı illərdə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Massaçusets Texnologiya İnstitutun Sloan İdarəetmə Məktəbində təhsilini davam etdirərək Biznes idarəetməsi üzrə magistr dərəcəsinə yiyələnib.

2000-2006-cı illərdə “BP Azərbaycan”, “Mercy Corp” şirkəti, Asiya İnkişaf Bankı kimi beynəlxalq təşkilatlarda məsləhətçi vəzifələrində işləyib. 2005-ci ildə Dünya Bankında təcrübə keçib.

2006-2009-cu illərdə Beynəlxalq Valyuta Fondunda baş iqtisadçı, Xəzər Beynəlxalq İnvestisiya şirkətində məsləhətçi kimi çalışıb.

2009-2013-cü illərdə İslam İnkişaf Bankının Avropa və Orta Asiya departamentində Baş Ölkə Meneceri kimi fəaliyyət göstərib.

R. Məhərrəmov 2013-2015-ci illərdə Mərkəzi Bankın Strateji departamentinin direktoru vəzifəsində çalışıb.

2016-2017-ci illərdə Kraudfandinq Platforması olan Crowdpouch və Dubay Beynəlxalq Maliyyə Mərkəzində yerləşən P2P maliyyələşdirmə platforması olan Maliyya kimi startaplarda həmtəsisçi olub.

Ramil Məhərrəmov 2017-2020-ci illərdə SOCAR AQS-də Baş Maliyyə Direktoru vəzifəsində işləyib.

Azərbaycan, türk, ingilis və rus dillərini bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR