"Nissan" Peterburqdakı zavodunu müvəqqəti bağlayır

"Nissan" Peterburqdakı zavodunu müvəqqəti bağlayır
  • Clock-gray 16:07
  • calendar-gray 28 May 2020

Yaponiyanın "Nissan" şirkətinin Rusiyanın Sankt-Peterburq şəhərindəki zavodu COVID-19 pandemiyası fonunda avtomobillərə tələbatın azalması səbəbindən mayın 29-dan iyunun 30-dək istehsalı dayandıracaq.

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, "Nissan Russia" istehlak malları sektorunda fəaliyyət göstərən bir çox Rusiya şirkətləri kimi, COVID-19 koronavirus pandemiyasının nəticələrindən ciddi şəkildə təsirlənir. Mayın 18-də bərpa olunan "Nissan"ın Sankt-Peterburq zavodundakı avtomobil istehsalı bazar tələbatının az olması səbəbindən iyunda dayandırılacaq.

Bundan öncə "Nissan" zavodunda istehsal martın 30-da dayandırılmışdı. Mayın 18-də isə müəssisə fəaliyyətini ikinövbəli rejimdə bərpa etmişdi. Həmçinin bildirildi ki, avtomobillərə tələbatın azalması səbəbindən "Nissan" Sankt-Peterburqdakı zavodunda bir neçə ay ərzində birnövbəli iş rejimində işləyəcək və bu baxımdan müəssisədəki işçilərin sayının azaldılması variantları nəzərdən keçirilir. Tərəflərin razılığı ilə avqusta qədər təxminən 450 nəfərin tədricən şirkətdən ayrılacağı təxmin edilir.

Sankt-Peterburqdakı "Nissan" zavodu 2009-cu ilin iyunundan fəaliyyət göstərir. Hazırda zavod üç model istehsal edir: "Qashqai", "X-Trail" və "Murano". Müəssisədə təxminən 2 min nəfər işləyir.

APA-Economics

Digər xəbərlər