Ruslan Əliyev: "Azəriqaz" abonentlərinin sayı 2,3 milyona çatıb - FOTO

 Ruslan Əliyev: "Azəriqaz" abonentlərinin sayı 2,3 milyona çatıb - FOTO
  • Clock-gray 15:47
  • calendar-gray 13 Dekabr 2019

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün “Caspian European Club”ın təşkil etdiyi “CEO Lunch” çərçivəsində Klubun üzv şirkətlərinin top-menecerləri ilə görüşüb.

“Caspian European Club”dan “APA-Economics”ə verilən məlumata görə, tədbir zamanı R. Əliyev çıxış edərək bildirib ki, Azərbaycanda həyata keçirilən qazlaşdırma işləri birbaşa ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir.

“Biz fəaliyyətimizdə məhz Prezidentin qarşımıza qoyduğu tapşırıqları hədəf olaraq diqqətdə saxlayırıq. Başqa ölkələrdən fərqli olaraq, Azərbaycanda qazlaşma investisiya xarakteri daşımır və dövlət büdcəsindən hər il ayrılan vəsait hesabına icra olunur. Son 10 ildə ölkədə qazlaşma səviyyəsi 62,2%-dən 96%-ə çatdırılıb. “Azəriqaz” İB-nin abonentlərinin sayı 700 mindən 2,3 milyona çatıb. Qaz xətlərinin çox hissəsi yenilənib, əsaslı təmir olunub. Bütün bunların mərkəzində bir məqsəd dayanır – Azərbaycan vətəndaşının rahatlığını və sosial rifahının yaxşılaşdırılmasını təmin etmək. Bu il də qazlaşdırma işləri həm Bakı və paytaxt ətrafında, həm də bölgələrdə sürətlə davam etdirilib. 2019-cu ilin sonunadək təkcə bölgələrdə 100-ə yaxın yaşayış məntəqəsi qazla təmin ediləcək. Digər tərəfdən fəaliyyətimizdə müasir texnologiyalardan yararlanmağa da çalışırıq. Müasir və şəffaf əsaslarla xidmət göstərmək üçün “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə inteqrasiya olunmaqda maraqlıyıq. Bir sözlə, “Azəriqaz” İB abonentinin dostu olmağa, onun qayğılarını öz qayğıları kimi qəbul etməyə daim hazırdır”, - deyə R. Əliyev bildirib.

Sonra “Caspian European Club”ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda keçirilən “CEO Lunch” sayəsində Klubun biznes-netvorkinq üçün beynəlxalq platformaya çevrildiyini deyib və bildirib ki, “CEO Lunch” Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə qeyri-rəsmi şəraitdə ünsiyyətin və yeni işgüzar əlaqələrin qurulmasına əlavə imkanlar yaradır: “Tədbir həmçinin dövlət və özəl sektor arasında dialoqun qurulmasında aparıcı alətlərdən biridir”.

Məlumata əsasən, R. Əliyevə “Caspian European Club”ın fəxri üzvlük sertifikatı təqdim olunub. Klubun üzv şirkətlərinə də sertifikatlar verilib.

Qeyd edək ki, sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda yaradılıb. Klubun mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Klub-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.

Emil İsmayılov

Digər xəbərlər