"Samsung" flaqman smartfonunun istehsalını dayandıra bilər

"Samsung" flaqman smartfonunun istehsalını dayandıra bilər
  • Clock-gray 11:36
  • calendar-gray 01 Dekabr 2020

Cənubi Koreyanın "Samsung" şirkəti "Galaxy Note 20" flaqman smartfonunun istehsalını dayandıra bilər. Buna səbəb isə COVID-19 pandemiyası fonunda sözügedən premium telefonlarına tələbatın aşağı olması göstərilir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Reuters" vəziyyətlə tanış olan mənbələrə istinadən xəbər verir.

Qeyd edilir ki, hazırda nəhəng texnika istehsalçısının "Galaxy Note 20" modelinin yeni versiyasını hazırlamaq planları yoxdur. Eyni zamanda, mənbələrdən birinə görə, "Samsung" özünün digər "Galaxy S20" flaqman smartfonunu təkmilləşdirəcək və yeni "Galaxy S21" smartfonunu gələn ilin əvvəlində təqdim edəcək.

Qeyd edək ki, "Counterpoint" tədqiqat şirkətinin analitiki Tom Kanqın proqnozuna görə, bu il "Samsung"un "Galaxy Note 20" smartfonlarının satışları 20% azalaraq 8 mln. vahidə enəcək, "Galaxy S20"nin satışları isə 5 mln. vahid azalaraq təxminən 30 mln. təşkil edəcək.

Xatırladaq ki, "Galaxy Note 20" flaqmanının baza modelinin rəsmi satışlarına bu ilin avqust ayında start verilib. Bildirilir ki, "Samsung"un TOP flaqmanı olan "Galaxy Note 20 Ultra" modeli baza modeli sayılan "Galaxy Note 20"dən daha çox populyarlıq qazanıb. "Galaxy Note 20" və "Galaxy Note 20 Ultra"nın istehsal nisbəti təxminən 1:2 olub.

Bu modellərin Azərbaycan bazarında qiyməti müvafiq olaraq 2 100 manat və 2 600 manat təşkil edir.

Mirsəid İbrahimzadə

Digər xəbərlər