TRACECA: "Qırmızı Körpü" gömrük-buraxılış məntəqəsinin effektiv fəaliyyəti vacibdir

TRACECA: "Qırmızı Körpü" gömrük-buraxılış məntəqəsinin effektiv fəaliyyəti vacibdir
# 26 fevral 2020 13:22 (UTC +04:00)

"Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı çərçivəsində Azərbaycanla Gürcüstan sərhədində yerləşən gömrük-buraxılış məntəqəsinin effektli fəaliyyət göstərməsi vacibdir".

TRACECA katibliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə TRACECA-nın Baş katibi Asef Asavbayev Gürcüstana səfəri zamanı ölkənin İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava və onun müavini Akaki Sagirashvili ilə görüşü zamanı bildirib.

Məlumata görə, səfər zamanı Baş katib Gürcüstanla Azərbaycan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük-buraxılış məntəqəsində Bakı-Tbilisi marşrutu boyunca dövlət sərhədini keçmə qaydası və şərtləri ilə tanış ola bilib.

"Görüşün gündəliyinə Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu, Şərq-Qərb sürətli avtomobil yolu, limanların ötürmə qabiliyyətinin artırılmasına və Gürcüstan dəmir yolunun modernləşdirilməsi kimi böyük infrastruktur layihələr barədə müzakirələr daxil edilib", - deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, ötən il TRACECA-nın Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 52 761,9 min ton, yük dövriyyəsi isə 11 158,3 mln. ton-km olub. Əvvəlki illə müqayisədə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində yük daşınmasında 0,2% artım müşahidə edilib. Yüklərin 34610,9 min tonu və ya 65,6% avtomobil nəqliyyatı, 13326,6 min tonu və ya 25,3% dəmir yolu nəqliyyatı, 4 824,4 min tonu və ya 9,1% dəniz nəqliyyatı ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR