Tahir Budaqov: "Azərbaycanda elektron statistik hesabatlılıq səviyyəsi 95 faizi ötüb"

Tahir Budaqov: "Azərbaycanda elektron statistik hesabatlılıq səviyyəsi 95 faizi ötüb"
  • Clock-gray 12:03
  • calendar-gray 11 Dekabr 2019

"Azərbaycan müstəqillik qazandıqdan sonra, xüsusilə də 2003-cü ildən başlayaraq böyük iqtisadi inkişaf yolu keçib. Bu illər ərzində ölkə iqtisadiyyatı 3,3 dəfə, qeyri-neft, qaz sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, əsas kapitala yönəlmiş vəsaitlərin həcmi 3 dəfə artıb".

APA-nın məlumatına görə, bunu Rəsmi statistik məlumatların istehsalında İKT və kadr potensialının gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Koreya Statistika Komitəsinin birgə konfransında çıxış edən Komitə sədri Tahir Budaqov bildirib.

Onun sözlərinə görə, 2015-ci ildən başlayaraq ölkədə milli statistika sisteminin inkişafı üçün çox böyük işlər görülüb: "Dövlət başçısının tapşırığı ilə qarşıya qoyulan ən böyük məqsəd milli statistika sisteminin beynəlxalq standartlara, ən əsası Avropa standartlarına çatdırılmasıdır. Bununla bağlı Komitənin müraciəti əsasında 2016-2017-ci illər ərzində müxtəlif qurumlar, o cümlədən BMT-nin Statistika Komissiyası, Avropa Statistika Komissiyası və bir sıra beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanda milli statistika sisteminin auditi keçirilib və hesabat hazırlanıb. O hesabatda Azərbaycanın milli statistika sisteminin mövcud vəziyyəti və inkişaf etdirilməli olan sahələr müəyyən edilib. Azərbaycanın milli statistika sisteminin ümumilikdə Avropa standartlarına uyğun olduğu rəsmən təsdiq edilib".

Tahir Budaqov bildirib ki, Dövlət Statistika Komitəsi müxtəlif ölkələrlə əməkdaşlıq edir: "Avropa İttifaqı ilə 3-cü layihəmizi həyata keçiririk. Layihənin adı "Azərbaycanın milli statistika sisteminin Avropa standartlarına çatdırılması" adlanır. Layihə başa çatmaq üzrədir. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində çox önəmli addımlar atılıb".

T. Budaqov eyni zamanda deyib ki, DSK strukturunda çox ciddi dəyişikliklər həyata keçirilib: "Komitənin nəzdində Statistik İnnovasiyalar və Elmi Tədqiqat mərkəzi yaradılıb. Həmin mərkəzin fəaliyyəti nəticəsində Statistika sahəsində innovativ yanaşmaların tətbiqi istiqamətində elmi tədqiqat işləri aparılıb və praktiki tövsiyələr verilib. Milli statistika sistemində keyfiyyət standartlarının tətbiqinə uğurla start verilib. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi rəsmi statistika proseslərinin istehsalında xüsusi önəm daşıyır. Görülən tədbirlər nəticəsində elektron statistik hesabatlılıq səviyyəsi respublika üzrə 95 faizi ötüb. Düşünürəm ki, yaxın zamanlarda 100 faizlik nəticəyə nail olacayıq".

T.Budaqov bildirib ki, Koreya Statistika Komitəsi ilə əməkdaşlıq böyük əhəmiyyət daşıyır: "Biz artıq 2 layihə həyata keçirmişik. 2018-ci ildə həyata keçirilən Azərbaycanın statistika potensialının gücləndirilməsi layihəsi çərçivəsində ölkəmizdə ilk dəfə olaraq müasir standartlara cavab verən Statistik məlumatların yayım sistemi tətbiq edilib. Bu sistem artıq istifadəçilərə təqdim edilib. Koreya Statistika Komitəsi Dövlət Statistika Komitəsinin 35 əməkdaşına Koreyada, 50-dən çox əməkdaşına isə Azərbaycanda təlimlər keçib". T.Budaqov bildirib ki, ümumilikdə Azərbaycan və Koreya Statistika Komitələri arasında həyata keçirilən layihələr üçün Koreya tərəfindən Azərbaycana 1,2 milyon ABŞ dolları səviyyəsində dəstək göstərilib: "Eyni zamanda Koreya ilə Azərbaycan Statistika Komitələri arasında yeni əməkdaşlıq sazişinin imzalanması da nəzərdə tutulur".

Günay Elşadqızı

Digər xəbərlər