Vüsal Qasımlı: "Ermənistan Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməklə Rusiya ilə əlaqə yarada bilər"

Vüsal Qasımlı: "Ermənistan Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməklə Rusiya ilə əlaqə yarada bilər"
# 12 yanvar 2021 15:09 (UTC +04:00)

Ermənistan iki istiqamətdə Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməklə, öz ticarət dövriyyəsinin 25-30%-ni təşkil edən Rusiya ilə əlaqə yarada bilər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata görə, bunu Mərkəzin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, söhbət Gümrü-Naxçıvan-Meğri-Bakı və İcevan-Qazax-Bakı marşrutlarından gedir.

“Nəzərə alsaq ki, Qarsdan Gümrüyə də dəmiryolu xətti mümkündür, bütövlükdə xarici mənbələrin hesablamalarına görə, Qars-Gümrü-Naxçıvan-Meğri-Bakı üçün təxmini 434 mln. ABŞ dolları xərc tələb edilir və dəmir yol layihəsi illik 10 mln. ton yük daşımaqla fəaliyyətinin 13-cü ilində mənfəət gətirə bilər”, - deyə V. Qasımlı qeyd edib.

Mərkəzin rəhbəri əlavə edib ki, bununla yanaşı, Qarsdan Naxçıvana və Naxçıvandan Mehri dəhlizi üzərindən Zəngilana planlaşdırılan dəmiryolu xətti daha böyük strateji əhəmiyyət kəsb etməklə yuxarıdakı layihəni tamamlayır.

“Beləliklə, Azərbaycan və Türkiyənin dəmiryolu xətlərinin inteqrasiyasına Ermənistanın qoşulmaq imkanları rəsmi Yerevanın nə qədər rasional siyasət yürütməsindən asılı olacaq. Ermənistan təkcə Türkiyə üzərindən Aralıq və Qara dəniz limanlarına deyil, həm də Azərbaycan üzərindən Culfa vasitəsilə İranla əlaqələr qurmaq şanslarını da qiymətləndirməlidir. Çünki çətin coğrafi şəraitdə Ermənistan-İran dəmir yol layihəsinin tikintisi üçün 2-3 mlrd. dollar vəsait yatırmağa heç bir investor razı deyil. Cənubi Qafqazda kommunikasiyaların açılması İranın Bəndər-Abbas yük limanı vasitəsilə İran körfəzi və Oman körfəzinə və Hind okeanına çıxış, İstanbul-İslamabad qatar xəttinə qoşulma imkanı yaradır”, - deyə V. Qasımlı əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR