Yeni Xınalıq yolunun Alpan-Susay hissəsisinin tikintisi yekunlaşıb

Yeni Xınalıq yolunun Alpan-Susay hissəsisinin tikintisi yekunlaşıb
# 08 dekabr 2020 12:50 (UTC +04:00)

Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 km uzunluğunda Alpan-Kürkün-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 km uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yeni avtomobil yolunun tikintisi zərurəti yaranmışdı.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, əhalinin rahat gediş-gəlişinin təmin edilməsinin və turizmin inkişafının vacibliyi nəzərə alınaraq dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu km-dən ayrılan Alpan-Kürkün-Susay istiqamətində aparılaraq yekunlaşdırılıb. Yolun sözügedən hissəsinin uzunluğu 24 km-dir.

Layihə çərçivəsində 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edir.

Tikinti layihəsinə uyğun olaraq, yeni yol yatağı, həmçinin lazımi qalınlıqda optimal qırmadaş və qum-çınqıl qarışığından istifadə olunmaqla yol əsası inşa edilib. Bunun ardınca yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib, məlumatverici lövhələr və yol nişanları quraşdırılıb, yolun üfiqi nişanlanma xətləri çəkilib.

Bundan başqa Alpan-Kürkün-Susay avtomobil yolunda 2 körpü də inşa edilib. Körpülər 2 aşırımlı olmaqla 61 və 66 metr uzunluğundadır.

Hazırda Alpan-Kürkün-Susay avtomobil yolunun davamı olaraq 30 km uzunluğa malik Susay-Xınalıq, həmçinin sözügedən yoldan 48 km məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yeni avtomobil yollarının tikintisi davam edir. Tikinti işləri dəniz səviyyəsindən 1500-2500 m hündürlükdə çətin relyefə və iqlim şəraitinə malik ərazidə aparılır.

Ümumi uzunluğu 58.8 km təşkil edəcək yeni avtomobil yolunun tikintisi 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək sərnişin və yük daşınmasının xeyli yaxşılaşmasına imkan verəcək. Bundan başqa yolun tikintisi mövcud turizm potensialının genişlənməsinə və yeni turizm marşrutlarının yaranmasına gətirib çıxaracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR