Zərdabda 3 kəndin yolu yenidən qurulub

Zərdabda 3 kəndin yolu yenidən qurulub
# 19 oktyabr 2020 10:04 (UTC +04:00)

Zərdab rayonunda 7 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yüksək keyfiyyətlə yenidən qurulması işləri sona çatdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya verilən məlumata görə, bu, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci km-dən ayrılan və 7 km uzunluğa malik Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 3 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.

Uzun müddətli istismar nəticəsində yol örtüyünün tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəldiyindən bəzi hissələrində torpaq yatağının genişləndirilməsinə ehtiyac var idi. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.

Yol boyu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxaracaq. Aparılan təmir işləri çərçivəsində torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Torpaq işləri 70 min kv.m sahəni əhatə edib.

Zərdab rayonunun Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna çıxışını təmin etməklə istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaradacaq, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşımasını asanlaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR