Anar Quliyev: "Azad olunmuş ərazilərdə bərpa işlərinin tempi mina faktorundan asılıdır"

Anar Quliyev: "Azad olunmuş ərazilərdə bərpa işlərinin tempi mina faktorundan asılıdır"
# 05 oktyabr 2022 13:27 (UTC +04:00)

“Faktiki olaraq azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin tempi və məcburi köçkün əhalinin repatriasiyası məhz ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi məsələsindən asılıdır”.

APA xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan əsaslı şəkildə dağıdılmış ərazilərinin bərpa olunması zərurəti ilə üz-üzə qalan birinci dövlət deyil: “Təbii ki, hər bir analoji halın öz yerli xüsusiyyətləri var. Azərbaycanda post-konflikt bərpa prosesinin əsas fərqli xüsusiyyəti odur ki, azad edilmiş ərazilərdə yaşayış evləri və infrastruktur tamamilə məhv edilib və bu regionun əhalisi məcburi köçkün düşərək on illiklər ərzində ölkənin digər regionlarında müvəqqəti məskunlaşdırılıb.

Dünya təcrübəsi də nəzərə alınmaqla Azərbaycan post-konflikt ərazilərinin bərpası prosesində müəyyən ardıcıllıqla aşağıdakı məsələləri sistemli şəkildə həll edir:

1) birinci mərhələdə idarəetmə və təhlükəsizlik məsələləri: ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi, dövlət sərhədi üzrə nəzarətin təşkili, dövlət qurumlarının fəaliyyətinin bərpası təmin edilir;

2) ikinci mərhələdə baza infrastrukturun yaradılması məsələləri: magistral nəqliyyat və mühəndis kommunikasiyalarının, meliorasiya sistemlərinin baş qurğularının tikintisi təmin edilir;

3) üçüncü mərhələdə sosial məsələlər: yaşayış məntəqələrinin bərpası və yenidən qurulması – yaşayış evləri, təhsil və səhiyyə müəssisələri, mədəni-məişət xidməti obyektləri və s. tikilərək istifadəyə verilir;

4) dördüncü mərhələdə genişmiqyaslı iqtisadi məsələlər: məcburi köçkünlərin repatriasiyası prosesi ilə paralel iş yerlərinin yaradılması, iqtisadi fəaliyyət obyektlərinin istifadəyə verilməsi təmin edilir”.

Anar Quliyev qeyd edib ki, hazırda 1-ci və 2-ci mərhələlərə aid məsələlərin həlli üzrə böyük işlər görülüb və bu işlər intensiv olaraq davam edir: “Hədəfimiz işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin qısa zamanda tamamlanması və soydaşlarımızın öz torpaqlarına geri dönüşünün təmin edilməsidir ki, son 2 ilə yaxın müddət ərzində bu istiqamətdə intensiv işlər aparılmaqdadır. Görülən işlərin bariz nümunələrindən biri kimi qısa müddətdə – cəmi 8 aya tikilib istifadəyə verilmiş və bu gün təyyarə ilə Bakıdan gəldiyiniz Füzuli beynəlxalq aeroportunu və onun ətrafındakı infrastrukturu misal gətirmək olar. Artıq nümayiş olunmuş qısa filmdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altına hökumətimizin apardığı genişmiqyaslı bərpa-quruculuq işlərinin bir qismini gördünüz. Hazırda təhlükəsizlik məsələlərinin həll edildiyi və baza infrastrukturun yaradılması mümkün olmuş ərazilərdə 3-cü və 4-cü mərhələlərə aid məsələlərin paralel olaraq həlli davam edir. Təəssüf ki, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin çox geniş şəkildə aparılmasına ən böyük maneə ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi məsələsi hələ də aktual olaraq qalır. Faktiki olaraq bərpa-quruculuq işlərinin tempi və məcburi köçkün əhalinin repatriasiyası məhz bu faktordan asılıdır. Azərbaycan bu gün həcminə, keyfiyyətinə və sürətinə görə dünya miqyasında presedentsiz və qabaqcıl şəhərsalma standartlarına uyğun olaraq kompleks bərpa-quruculuq işlərini uğurla həyata keçirir. Qısa müddət ərzində bu dərəcədə genişmiqyaslı işlərin paralel həyata keçirilməsi böyük sayda yüksək ixtisaslı layihəçi, memar, mühəndis və inşaatçıların cəlb olunması ilə yanaşı yeni effektiv institusional idarəetmə üsullarının tətbiqinin aktuallığını da artırıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR