Aviasiya sahəsində yük agentlərinə sertifikat və kod verilməsi qaydası müəyyənləşib

Aviasiya sahəsində yük agentlərinə sertifikat və kod verilməsi qaydası müəyyənləşib
# 20 iyun 2022 14:07 (UTC +04:00)

Nazirlər Kabineti “Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi Qaydası”nı təsdiq edib.
APA-nın xəbərinə görə, bu Qayda aviasiya təhlükəsizliyi sahəsində qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikatın, onun dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa və ləğv edilməsi, habelə fərdi kod nömrəsinin verilməsi ilə bağlı məsələləri tənzimləyir.
Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi yüklərin və poçt göndərişlərinin mülki aviasiya sahəsində təhlükəsizliyinin təmin edilməsi, yüklərin və poçt göndərişlərinin təhlükəsizliyinin təmini ilə məşğul olan subyektlərin sərbəst fəaliyyəti və inkişafı üçün hüquqi təminatın yaradılması və onların hüquqlarının müdafiəsi, yük və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə məsuliyyəti qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin üzərinə qoymaq, habelə bütün yüklərin və poçt göndərişlərinin göndərmə hava limanında baxışdan keçirmək əvəzinə, onların hava limanına çatdırılana kimi təhlükəsizliyini və mühafizəsini təmin etmək məqsədilə həyata keçirilir.
Qaydada aviasiya təhlükəsizliyi sahəsində qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin sertifikatlaşdırılması üzrə tələblər, sertifikatların verilməsi, qüvvədəolma müddətlərinin uzadılması, dayandırılması və ləğv edilməsi qaydaları, əlaqəli hüquqi və təşkilati prosedurlar, həmçinin səlahiyyətli dövlət orqanlarının və müvafiq subyektlərin həmin məsələlərlə bağlı hüquq və vəzifələri müəyyən edilib.

Qeydiyyatdan keçmiş yük agenti hava gəmisinin istismarçısı ilə kommersiya fəaliyyəti həyata keçirən, yük və poçt göndərişlərinə dair təhlükəsizliyə nəzarəti təmin etmək hüququ olan yol ekspeditoru və ya hər hansı hüquqi şəxs, məlum yükgöndərən yük və ya poçtu öz hesabına göndərən və onların istənilən hava gəmisində daşınması üçün ümumi təhlükəsizlik qayda və standartlarına cavab verən prosedurları həyata keçirən agent, yük ekspeditoru və ya hüquqi şəxsdir.
Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgön- dərənlərə sertifikat Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən veriləcək. Qeydiyyatdan keçmiş yük agenti və məlum yükgöndərən sertifikatın verilməsi üçün ərizə ilə Agentliyə müraciət edəcək. Qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgön- dərənlərin sertifikatlaşdırılmasına dair ərizə aşağıdakı hallarda təqdim edilir:
- sertifikatın ilk dəfə verilməsi zamanı;
- sertifikatın yenidən rəsmiləşdirilməsi zamanı;
- sertifikatın dublikatının verilməsi zamanı;
- sertifikat sahibinin müvafiq ərizəsinə əsasən hüquqi qüvvəsi dayandırılmış sertifikatın bərpası zamanı.
Sertifikatın verilməsi üçün ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
- ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- ərizəçi fərdi sahibkar olduqda, şəxsiyyət vəsiqəsinin surəti;
- ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;
- təhlükəsizlik proqramı;
- qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulduğu halda müvafiq fəaliyyəti həyata keçirməsi üçün verilmiş lisenziyanın surəti.
Agentlik ərizəçi tərəfindən nəzərdə tutulan sənədin hazırlanması üçün yük agentinin və məlum yükgöndərənin təhlükəsizlik proqramlarının hazırlanması üzrə təlimat sənədlərini öz rəsmi internet səhifəsində dərc edir. Agentlik bu Qaydada göstərilən sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçidən tələb olunur. Ərizə Agentlik tərəfindən qəbul edilir və qeydiyyata alınır. Agentlik ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qaydaya uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və sertifikatın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar eyni zamanda ərizəçiyə bildirilməlidir. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman sertifikatın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət sertifikatın verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları göstərilən müddətdə aradan qaldırmadıqda Agentlik ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra sertifikatın alınması üçün təkrar ərizə ilə Agentliyə müraciət etmək hüququna malikdir. Qeydiyyatdan keçmiş yük agentinin və məlum yükgöndərənin ərizəsinə və ərizəyə əlavə olunmuş sənədlərə baxılması məqsədilə Agentliyin nəzdində 1 iş günü müddətində müfəttiş qrupu yaradılır. Təqdim edilmiş sənədlərin təhlili yekunlaşdıqda, müfəttiş qrupu tərəfindən 3 iş günü müddətində müəyyən edilmiş formada rəy tərtib edilir. Rəy tərtib edildikdən sonra 2 iş günü müddətində müfəttiş qrupu tərəfindən qeydiyyatdan keçmiş yük agentinin və məlum yükgöndərənin fəaliyyətinin müvafiq normativ hüquqi aktlara və təqdim etdiyi təhlükəsizlik proqramına uyğunluğu yerində yoxlanılır və yoxlamanın nəticələrinə dair müəyyən edilmiş formada akt tərtib olunur. Müfəttiş yoxlamasına dair akt 1 iş günü müddətində Agentlik tərəfindən qeydiyyatdan keçmiş yük agentinin və məlum yükgöndərənin rəhbərliyinə təqdim edilir. Agentlik uçuşların təhlükəsizliyinə yarana biləcək riskləri nəzərə alaraq, rəy (razılıq) alınması üçün aidiyyəti dövlət orqan və müəssisəyə müraciət etdikdə, ona 7 (yeddi) iş günü müddətində baxılaraq cavab verilir. Aidiyyəti dövlət orqan və müəssisələrinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 (iyirmi) gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət və razılıq verilmiş hesab olunur. Mənfi rəy, habelə razılığın verilməsindən imtina müvafiq qanuna istinad edilməklə əsaslandırılmalıdır. Aidiyyəti dövlət orqan və müəssisə- lərinin rəy (razılıq) verilməsi üçün bu bənddə nəzərdə tutulan müddət sertifikat verilməsi ilə bağlı müddətə daxil edilmir. Agentlik təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq sertifikatı verir və ya verilməsindən imtina haqqında qərar qəbul edir. Agentlik müəyyən edilmiş müddətdən gec olmayaraq sertifikatın verilməsi üçün dövlət rüsumunu ödəməsi vəzifəsi barədə şifahi və ya məktub vasitəsilə məlumat verir. Qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə verilən sertifikat qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin fəaliyyət göstərməsi üçün əsasdır. Qeydiyyatdan keçmiş yük agentlərinin və məlum yükgöndərənlərin sertifikatsız fəaliyyət göstərməsinə yol verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR