Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub

Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının iclası olub
  • Clock-gray 15:26
  • calendar-gray 19 Oktyabr 2019

Avstriyanın Vaxau regionunda yerləşən Vösendorf qəsəbəsində Avstriya-Azərbaycan Ticarət Palatasının (ATAZ) Fəxri Şurasının iclası keçirilib. 

“Azərbaycan Dəmir Yolları” QSC-dən APA-ya verilən məlumata görə, Avstriya Azərbaycan Ticarət Palatasının sədri Qerald Qerstbauer iki ölkə arasında işgüzar əlaqələrin dərinləşməsi, qarşılıqlı biznes səfərlərinin təşkili, uğurlu biznes əlaqələrinin qurulması istiqamətində görülən işlərdən bəhs edib.

Avstriya Parlamentinin üzvü və Avstriya İqtisadiyyat Palatasının baş katibi Karlhaynts Kopf və Avstriyanın keçmiş Federal Kansleri Alfred Quzenbauer ərazi və əhalisinə görə oxşar xüsusiyyətlərə malik Azərbaycan və Avstriya arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının vacibliyini vurğulayaraq, hər iki ölkənin Avropa və Asiya arasında nəqliyyat və logistik bağlantıların güclənməsində mühüm rol oynaya biləcəklərini deyiblər.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Palatanı strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik  ölkələr arasında körpü olaraq gördüyünü qeyd edib: “Azərbaycandan keçən şərq-qərb dəhlizinin marşrutu bu marşrutun şaxələndirilməsinə, yük sahibləri üçün yeni bir logistika məhsulu təqdim etməyə imkan verir. Bu marşrut təkcə region ölkələrinin deyil, həm də bütün Avrasiya məkanının logistik xəritəsini dəyişə bilər. Bu marşrutu inkişaf etdirmək üçün Avstriya Federal Dəmir Yolları (ÖBB) və “Rail Cargo” kimi tərəfdaşlarımızla birgə səylər göstəririk. Bu gün Sian-Praqa marşrutu üzrə yüklərin konteyner blok qatarı ilə daşınması həyata keçirilir. Bu qatar Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən keçərək Türkiyədəki Marmaray tuneli ilə dəmir yolu vasitəsilə kəsintisiz, birbaşa Avropaya hərəkət edən ilk yük qatarı olacaq. Beləliklə, Sian-Praqa marşrutu üzrə konteyner blok qatarı Bakıdan Avropaya qədər fasiləsiz olaraq yalnız dəmir yolu vasitəsilə hərəkət edəcək”.

Tədbirdə bildirilib ki, İstanbul şəhərində qatarın təntənəli qarşılanma mərasiminin keçirilməsi nəzərdə tutulur. 

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date