AYNA daşıyıcılar və sürücülər üçün “Açıq qapı” günləri təşkil edəcək

AYNA daşıyıcılar və sürücülər üçün “Açıq qapı” günləri təşkil edəcək
# 10 mart 2023 18:05 (UTC +04:00)

Nazirlər Kabineti tərəfindən 2022-ci il 8 aprel tarixində “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilib. 2023-cü il aprelin 8-də isə qaydaların tətbiqinə başlanılır.

APA-Economics” xəbər verir ki, daşıyıcılara hazırlaşmaq üçün 1 il vaxt verilib. Bu 1 il ərzində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daşıyıcılarla mütəmadi görüşlər keçirilib. Daşıyıcılara beynəlxalq yükdaşımalarını həyata keçirmək üçün tələb olunan sənədlər və prosedurlar barədə ətraflı məlumat verilib, sənədləri toplamaları üçün köməklik göstərilib.

AYNA bu missiyanı davam etdirərək daşıyıcıların və sürücülərin məlumatlandırılması, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması və yaranan sualların operativ cavablandırılması üçün martın 13-dən “Açıq qapı” günləri təşkil edir.

“Açıq qapı” günlərində daşıyıcı və sürücülərin müraciətləri və sualları AYNA-nın (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5) inzibati binasında “Daşıyıcı bələdçisi” xidməti çərçivəsində və “Bakı KOB evi”ndə (ünvan: Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) AYNA-nın əməkdaşları tərəfindən cavablandırılacaq.

Qeyd edək ki, hazırda 98 daşıyıcı şirkətin təqdim etdiyi sənədlər buraxılış qaydalarının şərtlərinə uyğundur. Sənədlər buraxılış qaydalarının şərtlərinə uyğun olan daşıyıcılara “Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalara buraxılış vəsiqəsi” Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan “Bakı KOB evi”ndə təqdim olunur. Buraxılış qaydalarının tətbiqində məqsəd avtomobil nəqliyyatı ilə daşımalar sahəsində sahibkarlığın stimullaşdırılması, milli daşıyıcıların beynəlxalq daşımalar bazarında rəqabət qabiliyyətinin artırılması, daha peşəkar və beynəlxalq tələblərə cavab verən şirkətlərin yaradılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR