Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib

Azad edilmiş ərazilərdə TV-radio yayımının təşkili müzakirə edilib
# 28 dekabr 2021 19:32 (UTC +04:00)

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar İşçi Qrupunun növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələrinin iştirak etdiyi iclasda işğaldan azad edilmiş ərazilərdə nəqliyyat və rabitə infrastrukturunun bərpası məqsədilə cari il ərzində yerinə yetirilən işlər, hazırda icrası davam edən layihələr, o cümlədən dəmir və avtomobil yollarının, hava limanlarının tikintisi üzrə görülən işlər, mövcud tələbata uyğun olaraq telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə layihələrin icra vəziyyəti barədə aidiyyəti qurumlar tərəfindən ətraflı məlumatlar verilib.

İşğaldan azad edilmiş ərazilərə əhalinin qayıdışı, dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya prioritetlərinin icrasında nəqliyyat infrastrukturunun xüsusi əhəmiyyəti nəzərə alınaraq, işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq nəqliyyat infrastrukturunun vahid planı barədə iclas iştirakçılarına geniş məlumat verilib və plan ətrafında müzakirələr aparılıb.

İcra edilən layihələrin prioritetliyi müəyyən edilməklə tikinti və bərpa işləri aparılacaq ərazilərin minalardan təmizlənməsi, bölgədə telekommunikasiya şəbəkələrinin qurulması, o cümlədən radio-televiziya yayımının təşkili, rayonlararası magistral fiber-optik xətlərin çəkilməsi, xüsusi rabitə xidmətlərinin təşkili, mobil rabitə xidmətlərinin göstərilməsi və əhatə dairəsinin genişləndirilməsi, tələbata uyğun olaraq daxili rabitə şəbəkələrinin layihələndirilməsi və qurulması məsələləri üzrə müzakirələr aparılıb, layihələrin icrası ilə bağlı təkliflər və aidiyyəti üzrə tapşırıqlar verilib.

Bununla yanaşı, nəqliyyat və rabitə infrastrukturunun bərpası üzrə bütün qurumlar tərəfindən görülən işlərin İşçi Qrup vasitəsilə İdarələrarası Mərkəzlə əlaqələndirilməklə icra edilməsinin, eləcə də hazırda icra edilən və planlaşdırılan infrastruktur layihələrinin Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə işlənməsi və mütəmadi olaraq yenilənməsinin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR