Azad olunmuş ərazilərin iqtisadiyyata reinteqrasiyası üçün Dövlət Proqramı hazırlanıb

Emin Hüseynov

© APA | Emin Hüseynov

# 24 dekabr 2021 10:17 (UTC +04:00)

“Azad edilmiş ərazilərdə minalarla çirklənmə səviyyəsi elə həddədir ki, dünyada bunun analoqu yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” mövzusunda elmi-praktik konfransda “İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdış Proqramı” mövzusunda çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Prezidentin xüsusi nümayəndəsi deyib ki, tamamilə dağıdılmış ərazilərin bərpası böyük prosesdir: “Bu prosesin düzgün təşkil olunması onun nəticələri qədər önəmlidir. Bunu sistemli təşkil etmək üçün Azərbaycan hökuməti innovasiya həyata keçirir. Bu, həmin bərpa prosesinə yanaşmadır. Prezident İlham Əliyevin göstərişi ilə xüsusi əlaqələndirmə qərargahı yaradılıb. Burada bütün proseslər tənzimlənir. İdarələrarası mərkəzdə 11 tematik mövzu üzrə İşçi Qruplar fəaliyyət göstərir. Əvvəl onların sayı çox idi. Problemlər həll olunduqca onların sayı azalır. Əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi sahəsində müxtəlif tədbirlər müəyyən olunub və bərpa-quruculuq işləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası üçün Dövlət Proqramı hazırlanıb. Dövlət proqramı həmin bərpa prosesinin konsepsiyasına əsaslanır”.

E. Hüseynov işğaldan azad olunmuş ərazilərin profillərinin müəyyənləşdirilməsi işi aparıldığını vurğulayıb: “Bu məqsədlə ilk mərhələdə idarəetmə, təhlükəsizlik fəaliyyətlərinin təmin edilməsi həyata keçirilir. Şanlı zəfərdən sonra ilk dövrlərdə təhlükəsizliyin təmin olunması məqsədilə geniş tədbirlər başladı. Bu gün Qarabağda avtomobil yollarının, elektrik xətlərinin çəkilişi icra olunur ki, bunlar ən vacib baza islahatlardır. Bundan sonra sosial sahədə işlər həyata keçiriləcək. Məcburi köçkünlərin dayanıqlı şəkildə Qarabağa qayıdışının təmin edilməsi bizim ən ümdə vəzifəmizdir. Hazırda böyük və genişmiqyaslı işlərin getdiyi rayon Ağdamdır. Ağdam Qarabağ iqtisadi rayonunun ən böyük rayonlarından biridir. Bu gün ənənəvi iqtisadi sahələrlə yanaşı müasir texnologiyaların da tətbiq edildiyi sahələr işğaldan azad olmuş ərazilərdə yaradılacaq. Həmin rayonların coğrafi mövqeyi dərindən qiymətləndirilməlidir. Məhz bu qiymətləndirilmələrin nəticəsində Ağdam Sənaye Parkının yaradılması ilə bağlı qərar verildi. Çox təqdirəlayiq haldır ki, artıq həyata keçirilən bir sıra layihələr tam gücü ilə reallaşmaqda davam edir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən işlər, aparılan quruculuq işləri davamlı inkişafın məqsədlərini də nəzərə alır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR