AZAL mobil əlavəsini təqdim edib

AZAL mobil əlavəsini təqdim edib
# 11 oktyabr 2019 11:03 (UTC +04:00)

"Azərbaycan Hava Yolları" QSC (AZAL) "iOS" (9.0 və daha yüksək versiyalar) və "Android" (5.0 və daha yüksək versiyalar) əməliyyat sistemi bazasında çalışan smartfonlar üçün mobil əlavəsini təqdim edib.

AZAL-dan "APA-Economics"ə verilən məlumata görə, istifadəçilər üçün rahat interfeysə malik mobil əlavə smartfon sahiblərinə kod-şerinq sazişi əsasında digər aviaşirkətlərlə birlikdə yerinə yetirilən uçuşlar da daxil olmaqla bütün istiqamətlər üzrə aviabiletləri əldə etməyə imkan verəcək.

Artıq aviabilet almış sərnişinlər bronu idarə edə, əlavə baqaj ala bilər, təyyarədə yemək və oturacaq seçə, həmçinin uçuşdan 24 saat əvvəl açılan onlayn qeydiyyatdan keçə bilərlər. "iPhone" istifadəçiləri minik talonunu "Apple Wallet" elektron cüzdanına əlavə edə biləcəklər.

Mobil əlavə üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim edilir və həmçinin aviaşirkətin dəstək xidmətinə onlayn müraciət etməyə imkan verir. Məlumat bölməsində aviaşirkətin baqajın daşınması, tariflər və "AZAL Miles" proqramının əsas qaydaları təqdim olunub.

Qeyd edək ki, hazırda "AZAL Miles" bonus proqramının üzvləri üçün mobil əlavə də mövcuddur. İstifadəçilərin rahatlığı üçün gələcəkdə hər iki əlavənin funksionallığının birləşdirilməsi planlaşdırılır.

AZAL-ın mobil əlavəsini "App Store" və "Google Play"dən pulsuz yükləmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR