“Azərbaycan Dəmir Yolları” 6 təhsil müəssisəsi ilə əməkdaşlıq edəcək

“Azərbaycan Dəmir Yolları” 6 təhsil müəssisəsi ilə əməkdaşlıq edəcək
# 23 iyun 2022 16:37 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə 6 təhsil müəssisəsi arasında əməkdaşlığa dair Razılaşma imzalanıb. Həmin təhsil müəssisələri Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Texnologiya Universiteti və Sənaye və Tenologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzidir.

ADY-dan “APA-Economics”ə verilən məlumata görə, məqsəd Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq elm və sənaye sahələri arasında praktiki əlaqələrin genişləndirilməsinə, bu xüsusda birgə proqramların təşkilinə, tələbələr arasında biznes ideyalarının formalaşdırılmasına, innovativ təşəbbüslərin reallaşdırılmasına, dəmiryol nəqliyyatının sahələri üzrə araşdırmaların aparılmasına dəstək göstərməkdir.

Razılaşma sənədi universitet və peşə məktəblərinin elmi potensialından istifadə etməklə əlaqələrin qurulması və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı tənzimləyir.

Razılaşmaya əsasən, müxtəlif ixtisaslar üzrə bakalavr və magistr səviyyələrində təhsil alan, ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan tələbələr təcrübə proqramlarına cəlb ediləcək, istehsalat və elmi-tədqiqat təcrübələrində, o cümlədən seminar və təlimlərdə iştirakı təmin olunacaq. Əməkdaşlıq çərçivəsində peşəkar tədqiqatçıların aşkarlanması, onların təkliflərinin ADY-də müzakirəsi və istehsal sahələrində istifadə üçün seçilməsi məsələləri də nəzərdə tutulub.

Tədris planlarında və ixtisas fənlərinin sillabuslarının hazırlanması zamanı ADY-nin müvafiq rəyinin nəzərə alınması, bakalavr buraxılış, magistr dissertasiya işlərinə rəhbərlik etmək üçün ADY-nin nümayəndələrinin cəlb olunması da sənədin tərkib hissələrinə aiddir. Gələcəkdə məzunlar ADY-nin ehtiyat bazasına daxil edilərək müvafiq vakant yerlərə təcrübəçi və işçi kimi cəlb olunacaq.

Bu əməkdaşlıq elmi-tədqiqat işlərinin və innovasiyaların tətbiqinin genişləndirilməsi, dəmir yolu sənayesinin inkişafı perspektivlərinə uyğun olan innovasiya xarakterli elmi nailiyyətlərin kommersiya istiqamətinə yönəldilməsi və formalaşmasına, startap layihələrin reallaşdırılmasını, bu sahədə ictimai iştirakçılıq sisteminin tətbiqi ilə bağlı birgə tədbirlərin həyata keçirilməsini təmin edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR