Azərbaycan-Koreya Hökumətlərarası Birgə Komissiyasının iclası və biznes forum keçirilib

Azərbaycan-Koreya Hökumətlərarası Birgə Komissiyasının iclası və biznes forum keçirilib
# 07 iyun 2023 17:14 (UTC +04:00)

Bu gün Cənubi Koreyanın Seul şəhərində Azərbaycan hökuməti və Koreya hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası keçirilib.

APA-Economics” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Birgə Komissiyanın Koreya tərəfindən həmsədri, bu ölkənin ticarət, sənaye və energetika nazirinin müavini Jeong Daejin diqqətə çatdırıb ki, ötən il Azərbaycan ilə Koreya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub.

İclasda Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib. Nazir müavini bildirib ki, Azərbaycan Koreyanın Cənubi Qafqaz regionunda ən böyük ticarət tərəfdaşıdır.

Samir Məmmədov Koreya nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işlərindən danışıb. Diqqətə çatdırıb ki, işğaldan azad edilən ərazilər “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur və bu region “yaşıl enerji” zonası elan olunub.

Nazir müavini Azərbaycanda nəqliyyat və rəqəmsallaşma sahəsində həyata keçirilən işlər, eləcə də Orta Dəhlizlə daşımaların asanlaşdırılması üçün görülən tədbirlər haqqında məlumat verib. Xüsusilə vurğulayıb ki, Zəngəzur dəhlizinin reallaşdırılması regionda sabitliyə və inkişafa öz töhfəsini verəcək və onun tranzit potensialını gücləndirəcək.

İclas zamanı qarşılıqlı investisiyalar, sənaye, ticarət, kənd təsərrüfatı, energetika, təhsil, səhiyyə, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan hökuməti və Koreya hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclasının protokolu imzalanıb.

Bundan başqa, Azərbaycan hökuməti və Koreya hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üçüncü iclası çərçivəsində Azərbaycan-Koreya Biznes Forumu keçirilib.

RİNN-in dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) birgə təşkilatçılığı ilə keçirilən biznes forumda İT, energetika, inşaat, maşınqayırma, kimya sənayesi, səhiyyə, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən Koreya şirkətləri iştirak edib.

Samir Məmmədov forumda çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi və qarşılıqlı investisiyalar üçün yeni imkanlar yaranacağına əminliyini vurğulayıb. Ələt Azad İqtisadi Zonasında, eləcə də Azərbaycanın digər sənaye və texnologiya parklarında tətbiq olunan güzəştlər barədə koreyalı sahibkarlara məlumat verilib, Koreya şirkətləri fəal əməkdaşlığa dəvət edilib.

Forumda Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyi, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu və AZPROMO tərəfindən təqdimatlar edilib. Təqdimatlar zamanı işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri və Azərbaycanda investisiya imkanları barədə iştirakçılara geniş məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR