Azərbaycan Qlobal İnnovasiya İndeksində iki pillə geriləyib

Azərbaycan Qlobal İnnovasiya İndeksində iki pillə geriləyib
# 07 noyabr 2019 16:41 (UTC +04:00)

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2019-cu il üzrə dərc olunan Qlobal İnnovasiya İndeksində Azərbaycan 84-cü yerdə qərarlaşıb, halbuki 2018-ci ildə ölkə bu göstərici üzrə 82-ci yerdə idi.

"APA-Economics"in məlumatına görə, bunu “Əqli mülkiyyət hüquqları və kibertəhlükəsizlik" mövzusunda keçirilən seminarda çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib.

Onun sözlərinə görə, bu indeks üzrə 5 ilkin subindeks ölkənin imkanlarını əks etdirir.

"Bu göstəricilər üzrə biz insan kapitalı və tədqiqat üzrə 106-cı yerdəyik. 2018-ci ildə biz bundan 6 pillə yuxarıda idik. Elmi tədqiqat araşdırmaları üzrə 90-cı yerdəyik ki, bu göstərici üzrə ötən illə müqayisədə 11 pillə geriləmişik. İKT üzrə isə Azərbaycan 68-ci olub, halbuki bir il əvvəl 19 pillə bundan yüksəkdə idik. İnnovasiya əlaqələri üzrə 79-cu yerdəyik. Bu göstəricilər ürək açmasa da, ümumi inkişaf üzrə Azərbaycan 77-ci yerdə qərarlaşıb. Əgər bu belədirsə, çıxış yolu nədən ibarətdir? Niyə bu istiqamətlər səmərəli istifadə olunmur? Bunu analiz edərkən görürük ki, biz həqiqi mənada imkanlarımızdan istifadə edə bilmirik", - deyə K. İmanov qeyd edib.

Agentliyinin İdarə Heyətinin sədrinin sözlərinə görə, ən pis hal ondan ibarətdir ki, Azərbaycan texnoloji məhsullarını bazara çıxara bilmir: "Əgər bununla ölçülsə, o zaman bizim göstəricilərimiz doğurdan da çox pisdir – 101-ci yer. Bundan bir nəticə də çıxarmaq olar. Yeniliklər kommersiyalaşdırılmır, bazara innovasiya məhsulu kimi çıxarılmır. Bəllidir ki, yenilikçilər iqtisadi artımın əsas hərəkətvericiləridir. Öz növbəsində əqli mülkiyyət innovasiya prosesində nəzərə çarpan rola malikdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR