Azərbaycan sənaye nümunələrinin mühafizəsinə dair protokolun qəbulu üzrə konfransda iştirak edəcək

Azərbaycan sənaye nümunələrinin mühafizəsinə dair protokolun qəbulu üzrə konfransda iştirak edəcək
# 06 sentyabr 2019 13:31 (UTC +04:00)

Bu ilin sentyabrın 9-da Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “1994-cü il 9 sentyabr tarixli Avrasiya Patent Konvensiyasına sənaye nümunələrinin mühafizəsinə dair Protokol”un imzalanmasına həsr olunan diplomatik konfrans keçiriləcək.

Azərbaycan Əqli Mülkiyyət Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, Diplomatik konfrans Konvensiyanın imzalanmasının 25-ci ildönümü günündə təşkil olunacaq.

Protokol sənaye mülkiyyəti obyektlərinin Avrasiya mühafizəsi sisteminin genişləndirilməsini, onu imzalayan bütün dövlətlərin ərazisində qüvvədə olan vahid Avrasiya patenti əsasında sənaye nümunələrinin mühafizəsi üzrə dövlətlərarası sistemin yaradılmasını, həmin ölkələrin daxili bazarının inkişafını və ticarət və investisiya fəaliyyətinin inkişafı üçün onların ərazilərinin cəlbediciliyinin artırılmasını nəzərdə tutur.

Azərbaycan Əqli Mülkiyyət Agentliyi adıçəkilən Protokol layihəsinin hazırlanmasında fəal iştirak edib, onun verdiyi təkliflər nəzərə alınıb, sənəddə müvafiq dəyişikliklər edilib.

Diplomatik konfransa bir sıra dövlətlərin hökumət nümayəndə heyətləri, beynəlxalq və regional hökumətlərarası təşkilatların əməkdaşları, eyni zamanda əqli mülkiyyət sahəsi üzrə beynəlxalq mütəxəssislər dəvət olunub.

Bu beynəlxalq tədbirdə Azərbaycanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR