Azərbaycan Tbilisi İpək Yolu Forumunda təmsil olunur

Azərbaycan Tbilisi İpək Yolu Forumunda təmsil olunur
# 22 oktyabr 2019 10:16 (UTC +04:00)

Gürcüstanın paytaxtında "Tbilisi İpək Yolu Forumu: Qlobal Təsir üçün Tərəfdaşlıq" adlı beynəlxalq forum keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, üçüncü dəfə keçirilən forumun missiyasının ali səviyyəli siyasətçilərin, iş adamları və icma rəhbərlərinin bir araya toplayaraq Yeni İpək Yolu üzərində yerləşən ölkələrin ticarət, rabitə, logistika sahələrində qarşılaşdığı problemləri müzakirə etməsinə və region üçün ortaq həll yolları tapılmasına töhfə vermək olduğu bildirilib .

Forumda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və onun müavini Elmir Vəlizadə, SOCAR-ın vitse-prezidenti Yaşar Lətifov, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və biznes nümayəndələri təmsil edirlər.

Nazir Ramin Quluzadə forum çərçivəsində keçirilən "Enerjinin Gələcəyi – Ortaya çıxan trendlər, İpək Yolu Enerji kəmərinin Təhlükəsizlik və Davamlılığı" adlı panel müzakirələrində iştirak edəcək.

Forumun ilk günündə ayrı-ayrı panellərdə süni intellekt və onun qlobal iqtisadiyyatda rolu və təsirləri, enerji dəhlizləri boyunca təhlükəsizliyin artırılması, ticarət, nəqliyyat və enerji məsələləri müzakirə ediləcək. Beynəlxalq tədbirin 2-ci günün mövzusunun isə özəl sektor və investisiya imkanları ilə bağlı olacağı bildirilib.

Panel müzakirələrində Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə yük daşımalarının artırılması imkanları və bu sahədə görülən işlər barədə müzakirələr də aparılacaq.

Qeyd edək ki, "Tbilisi İpək Yolu Forumu: Qlobal Təsir Tərəfdaşlığı" forumuna bu il 2 minə yaxın iştirakçının qoşulacağı bildirilib.

Təşkilatçıları arasında SOCAR-ın da olduğu forum daha əvvəl 2017-ci və 2015-ci illərdə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR