Azərbaycan və Qazaxıstan kosmik sahədə birgə layihələr icra edəcək - FOTO

Azərbaycan və Qazaxıstan kosmik sahədə birgə layihələr icra edəcək - FOTO
# 11 may 2022 17:13 (UTC +04:00)

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Kosmik texnologiyalar konfransı” çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ilə Qazaxıstanın “Qarış Saparı” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, iki ölkə arasında kosmik sahədə birgə layihələrin təşkil olunması və peyk resurslarının qarşılıqlı istifadəsinə dair də razılıq əldə olunub.
Mərkəzi Asiya regionunda ilk dəfə keçirilən tədbirdə bölgənin kosmik agentliklərinin və beynəlxalq kosmik ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konfransda əsasən, sürətlə böyüyən qlobal kosmik sənayenin imkanları, peyklər və onların tətbiqi sahələri, kosmik sahədə innovasiyalar və bu sahəyə qoyulan investisiyalar barədə müzakirələr aparılıb.

“Azərkosmos”un sədri Saməddin Əsədov tədbirdə çıxış edərək ölkə üçün kosmik sahənin əhəmiyyətindən, bu sahədə Azərbaycanın telekommunikasiya peyklərinin imkanları, o cümlədən “Azersky” peyki vasitəsilə kənd təsərrüfatı, ekologiya, turizm və bir sıra digər sahələrdə həyata keçirilən layihələrdən bəhs edib. Konfransda işğaldan azad olunmuş rayonlarımıza qayıdış planına əsasən peyk resursları ilə ərazilərin infrastruktur və relyef faktorlarına uyğun aparılan monitorinq təhlilləri barədə iştirakçılara məlumat verilib.

Panel müzakirələri ilə davam edən “Kosmik texnologiyalar konfransı”nın bugünkü gündəliyində kosmik sənaye üzrə regional və beynəlxalq səviyyədə bazar tendensiyaları, bu sahənin gələcəkdə insanların rifahı üçün yaradacağı imkanlar öz əksini tapıb.
Həmçinin, kosmik sahədə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və bunun üçün yeni imkanların araşdırılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR