Azərbaycana daxil olan internet trafikin filtrasiyası ölkə sərhədlərində aparıla bilər

Azərbaycana daxil olan internet trafikin filtrasiyası ölkə sərhədlərində aparıla bilər
# 18 oktyabr 2019 12:07 (UTC +04:00)

Azərbaycana daxil olan internet trafikinin zərərli kontentinin filtrasiyası magistral operatorlar (“Delta Telecom” və “Azertelecom”) tərəfindən aparıla bilər.

Bunu “APA-Economics”ə Azərbaycan İnternet Forumun sədri Osman Gündüz deyib.

Onun sözlərinə görə, bu işlər gələn ilin yanvarın 1-dən “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun qüvvəyə minməsi fonunda aparıla bilər.

“Çox güman ki, filtrasiya magistral operatorlar səviyyəsində aparılacaq. Əlbəttə, burada iki yanaşma olacaq. Biri ümumi, yəni hamı üçün, digəri isə “təmizlənmiş” internet təklif olunacaq. İstisna deyil ki, bu xidmətə görə sıravi provayderlərdən xidmət haqqı tutula bilər. Yəni provayderlər magistral operatorlardan ənənəvi internetdən ayrıca filtrasiya olunan “təmiz” internet də ala biləcək. Belə olan təqdirdə provayderlərə zəruri olan əlavə avadanlıq almağa ehtiyac qalmayacaq”, - deyə O. Gündüz bildirib.

Qeyd edək ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna olaraq “Telekommunikasiya haqqında” Qanuna da əlavələr edilib. Əlavələrə uyğun olaraq hər bir provayder abunəçinin istəyi ilə uşağın internetdə zərərli informasiyadan qorunması üçün imkanlar yaratmalıdır. Yəni bütün provayderlər zərərli kontentdən təmizlənən internet xidmətini təklif etməyə hazır olmalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR