Moskvada Azərbaycanın qış turizmi imkanlarına aid tədbir keçirilib

Moskvada Azərbaycanın qış turizmi imkanlarına aid tədbir keçirilib
# 29 oktyabr 2019 16:46 (UTC +04:00)

Rusiyalı turistlərin qış aylarında istirahət istiqaməti olaraq seçdikləri ölkələr arasında Azərbaycan ilk sıralardadır.

Azərbaycan Dövlət Turizm Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə bu gün Moskvada Azərbaycan Turizm Bürosunun təşkilatçılığı “Qış mövsümündə Azərbaycanda turizm imkanları” mövzusuna həsr olunan seminarda bildirilib.

Qeyd olunub ki, dekabr ayından mart ayınadək davam edən qış turizm mövsümündə Azərbaycana gələn Rusiyadan olan ziyarətçilərin sayı ildən-ilə artmaqdadır.

Seminarda Rusiyanın 100-ə yaxın turoperatoru, turagenti və turizm sənayesinin nümayəndələri iştirak ediblər. “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi xizək kurortlarının nümayəndələri tərəfindən Azərbaycanın qış turizmi imkanları, dağ-xizək mərkəzlərində təqdim olunan xidmətlər haqqında ətraflı məlumat verilib.

Tədbirdə həmçinin Qəbələdəki sağlamlıq və özünübərpa turizmi üzrə fəaliyyət və xidmətlərindən danışılıb, Qəbələ şəhərinin qədim müalicə adət-ənənələrindən və sanatoriyalarından bəhs olunub.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər edən rusiyalı turistlərin sayı 724 730 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,31% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR