Azərbaycanda bəzi tikinti obyektlərinin inşası və istismarına icazələrin alınması üzrə elektron portal istifadəyə verilib

Azərbaycanda bəzi tikinti obyektlərinin inşası və istismarına icazələrin alınması üzrə elektron portal istifadəyə verilib
# 07 noyabr 2019 12:18 (UTC +04:00)

Azərbaycanda bəzi tikinti obyektlərinin inşası və istismarına icazələrin alınması üzrə elektron portalın tətbiqinə başlanılıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, “Bir pəncərə” prinsipi ilə işləyən elektron portal Lənkəran iqtisadi rayonu üzrə istifadəyə verilib.

Bununla bağlı keçirilən tədbirdə qeyd olunub ki, cari ilin fevral ayından etibarən istifadəsinə başlanılmış elektron portal üzrə işlərin bir neçə mərhələdə görülməsi planlaşdırılıb. İlkin mərhələdə elektron sistem Bakı şəhəri üzrə tətbiq edilib. Nəticədə portal vasitəsi ilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizadan keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının layihələri üçün 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə etmək imkanı yaradılıb.

Hazırda “Bir pəncərə” prinsipi ilə işləyən elektron portalın ölkə üzrə tətbiqinin genişləndirilməsinə – ikinci mərhələyə başlanılıb. Bu məqsədlə pilot layihə ilk olaraq Lənkəran iqtisadi rayonu üzrə test rejimində uğurla sınaqdan keçirilərək istifadəyə verilib. Yaxın zamanda isə sistem bütün ölkə üzrə tətbiq edilərək ekspertizadan keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarına icazələrin alınmasını mümkün edəcək.

Vurğulanıb ki, elektron portal məmur-sahibkar ünsiyyətini minimuma endirərək daha qısa vaxt çərçivəsində rayonlar üzrə də icazələrin alınması prosesini şəffaflaşdıracaq. Növbəti mərhələlərdə isə bu sistem vasitəsi ilə ekspertizası tələb olunan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin alınması istiqamətində işlər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR