Bu ilin yanvar-may ayında əhali qrupu üzrə abonentlərin 75,9%-i (1 842 073 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.
"APA-Economics"in xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Rəşad Cavadovun sözlərinə görə, hesabat dövründə 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 24,1% və ya 585 383 abonent keçib.
İyunun 1-nə olan məlumata görə, "Azəriqaz" üzrə istismarda olan sayğacların sayı (əhali üzrə - red.) 2 427 456 ədəddir, bunların 62,6%-i sonradan ödənişli (mexaniki), 37,4%-i smart-kart tipli cihazlardır.
Xatırladaq ki, ötən il oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişmədi və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.