Azərbaycanda daşınmaz əmlaka dair elektron çıxarışlar "blockchain" üzərindən verilə bilər

Azərbaycanda daşınmaz əmlaka dair elektron çıxarışlar "blockchain" üzərindən verilə bilər
# 23 sentyabr 2019 14:50 (UTC +04:00)

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlaka dair elektron çıxarışların təqdim edilmə xidmətinin “blockchain” texnologiyası üzərindən təşkil edilməsi təklif olunub.

Bunu “APA-Economics”ə “Lenovo Datacenter Group”un Azərbaycandakı rəhbəri Rasim Bəxşi deyib.

Onun sözlərinə görə, “blockchain” texnologiyasının tətbiqi vətəndaşlara əldə olunan sənədlə onlara lazım olan əməliyyatların aparmasına imkan yaradacaq.

“Bildiyiniz kimi, Komitə tərəfindən elektron çıxarış xidməti təşkil olunub və bu sənəd artıq kağız daşıyıcıda deyil, elektron qaydada təqdim olunur. Təklif var ki, bu əməliyyatlar “blockchain” üzərinə keçirilsin. Hələ ki, bu, sadəcə elektron şəkildə olduğu üçün bəzi məhdudiyyətlər var. Yəni, sənəd elektron şəkildə var, amma onunla lazım olan əməliyyatları aparmaq mümkün deyil. Məsələn, notarial qaydada alqı-satqı əməliyyatları, hansıları ki, “blockchain” üzərindən aparmaq mümkündür. Hələlik bu məsələ müzakirə predmetidir və biz tərəfdən təklif olaraq irəli sürülüb”, - deyə R. Bəxşi qeyd edib.

Ekspertin fikrincə, dövlət təşkilatlarının bir çox xidməti elektronlaşdırdığına baxmayaraq, bu, onların effektivliyinin və digər sistemlərlə qarşılıqlı əlaqədə olmasının göstəricisi deyil.

“Məsələn, Rusiyada notarial qaydada alqı-satqı əməliyyatlarının aparılmasını “blockchain” tətbiq etmədən rəqəmsallaşdırdılar və nəticədə bəzi dələduzluq halları üzə çıxdı. Belə ki, dələduzlar özgə elektron imzalardan istifadə etməklə vətəndaşların adına olan daşınmaz əmlaka dair müxtəlif əməliyyatlar aparırdılar. Azərbaycanda da belə oxşar halların baş verməsi istisna deyil. Misal olaraq deyim ki, bir vətəndaş digər vətəndaşın fərdi identifikasiya kodundan istifadə edərək qeydiyyatdan keçə bilər. Belə olan halda qanuni tərəf təkrar qeydiyyatdan keçə bilməz, çünki FİN kodla bu əməliyyatı yalnız bir dəfə aparmaq olar. Bərpa etmək üçün isə yalnız xidməti göstərən təşkilata birbaşa müraciət etmək gərəkdir. Əfsus ki, bir çox sistemlərdə belə boşluqlar mövcuddur”, - deyə R. Bəxşi əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR