Azərbaycanda elektron sağlamlıq kartı alanların sayı artıb

Azərbaycanda elektron sağlamlıq kartı alanların sayı artıb
# 08 oktyabr 2019 16:27 (UTC +04:00)

Azərbaycanda yeni doğulan körpələrin valideynlərinə verilən elektron sağlamlıq kartlarının (e-sağlamlıq) sayı bu ilin əvvəlindən 3% artıb.

Bunu "APA-Economics"ə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən deyiblər.

Mərkəzdən bildirilib ki, yanvar-sentyabr aylarında verilən e-sağlamlıq kartlarının sayı 40 591 ədəd artaraq 1 372 901 ədəd təşkil edib.

Bununla yanaşı, qeyd olunan dövr ərzində diabet xəstələrinə imtiyazlı olaraq 3 654 kart verilib. Bu kateqoriyaya daxil olan kartların ümumi sayı 111 159-a çatıb.

Cari ilin 9 ayı ərzində tibbi müayinə keçirən xəstələrə (obliqat qrupuna aid olan vətəndaşlara) 53 233 kart verilib. Bu kateqoriyaya daxil olan xəstələrə isə ümumilikdə 374 978 e-kart verilib ki, bu da cari ilin əvvəlinin göstəricisini 16,5% üstələyir.

Qeyd edək ki, elektron sağlamlıq kartları Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzində istehsal olunur və ambulator klinikalar vasitəsilə yeni doğulanların valideynlərinə, həmçinin tibb müəssisələrinin xəstələrinə pulsuz verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR